Naxçıvanda tibb işçiləri etiraz aksiyası keçirib

# 16:08
7 mart 2023

Bu gün bir qrup işdən azad olunmuş tibb işçisi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin önündə etiraz aksiyası keçiriblər.

 

Hüquqlarının pozulduğunu iddia edən işçilərin sözlərinə görə, onlar uzun müddət səhiyyə sahəsində çalışsalar da, sonradan işdən azad olunublar. Buna əsas səbəb nazirliyin onların diplomlarını saxta elan etməsi olub. Etiraz edən tibb işçiləri isə bu halla razılaşmırlar.

Keçmiş tibb işçisi Yeganə Hüseynova ailə vəziyyətinin yaxşı olmadığını və problemlə bağlı müraciət etdiyi yerlərdə ona gedib xadimə və ya ofisiant işləməyi məsləhət gördüklərini deyir.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Ülviyyə Hacıyeva bildirib ki, nazirliyə bu məsələ ilə bağlı əvvəllər də müraciətlər daxil olub. Onun sözlərinə görə, 2008-ci il may ayının 15-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-qanuni fəaliyyət göstərmiş bir sıra tibb təhsil müəssisəsi bağlanılıb. Qərara əsasən, həmin müəssisələri bitirənlərin etibarsız diplomları Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən geri alınıb. Bu, qəbul edilən qərarda da öz əksini tapıb və qərar etiraz edən şəxslərə də göstərilib.

Qeyd edək ki, etiraz edən tibb işçiləri bu gün nazirliyin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilib və mart ayının 16-da səhiyyə naziri tərəfindən qəbul ediləcəkləri onların diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR