Şəhid atası: “Oğlum üçün heç nə etməmişdim, amma məndən halallıq istədi” - REPORTAJ

# 16:57
1 may 2021

“15 ay hərbi xidmətdə oldu, bir dəfə də olsun məzuniyyətə gəlmədi. İki dəfə biz getdik yanına. Özü xidmət yerini Murova yazdırmışdı. Dedim, niyə Murova yazdırmısan? Cavab verdi ki, Murovda əsgərlik edənlər məndən artıqdır?”

 

“Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün” - deyib atalarımız. Bu üç amal uğurunda ölümü gözə alıb, canı-qanı bahasına döyüş meydanına atılan oğullardan biri də şəhid Tahir Mahir oğlu Əliyevdir.

 

Tahir Əliyev 2001-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində dünyaya göz açıb. Orta məktəbin cəmi 7-ci sinfinə qədər təhsil ala bilib. Atası ürək çatışmazlığından əziyyət çəkdiyi üçün 4 nəfərlik ailənin yükü Tahirin çiyinlərinə düşüb. 18 yaşına qədər istixanalarda işləyib, qazandığı pulları atasının müalicəsinə və ailənin qida xərclərinə sərf edib.

 

Qəribə səslənsə də, Tahirin heç bir şəxsi arzusu olmayıb - hərbi xidmətə getməkdən, döyüşərək şəhid olmaqdan savayı: “Heç bir arzusu olmayıb. Deyim ki, xüsusi bir arzusu olub ki, gələcəkdə kimsə olum, nəsə olum. Qətiyyən. Arzusu vətəni qorumaq idi. Həqiqətən Xocalı faciəsinin kadrlarına baxa bilmirdi. “Fəryad” filminə baxmırdı. Bizə deyirdi, ona necə baxa bilirsiniz? O filmdə bir əsgərimizi on erməni əsgərinə dəyişirdilər. Həmin hissə xoşuna gəlirdi. Evdə əsgər getməyi gözləyirdi. Deyirdi kaş gedib Gəncəyə düşərdim. Dediyi kimi də oldu”.

 

Anası Ruhiyyə Əliyevanın sözlərinə görə, Tahir öncədən hər şeyi hiss edib. Dediyi, arzuladığı şeylərin hamısı olub. “Şəhid olacam” deməsi isə anasını  bərk qorxudub: “Əsgərliyə yola düşəndə dedi ki, mən gedəndə müharibə başlayacaq, şəhid olacam.  Hətta mənə deyirdi ki, ana, şəhid olsam nə edərsən? Deyirdim, o sözü mənə demə, çünki mənə çox pis təsir edirdi. Deyirdi, ana bəs sən bilmirsən ki, şəhidlik ən uca zirvədir? Düşünürdüm uşaqdır, nə bilir şəhidlik nədir, zirvə nədir? Ancaq sən demə, hər şeyi bilirmiş. Hər zaman deyirdi ki, sizi ucalara qaldıracam. Başınızı uca edəcəm”.

 

44 günlük Vətən Müharibəsinin elə ilk günlərindən Tahir könüllü olaraq döyüşlərə qatılmaq istədiyini deyib. Komandirlərindən xidmət yerinin dəyişdirilməsini xahiş edib. Atasına bu barədə məlumat versə də, anasının bilməsini istəməyib: “Bu uşağın istədiyi ilə Allahın istədiyi üst-üstə düşüb. Mən bilirdim ki oğlum sağ gəlməyəcək. Hətta Qazaxda olduğu vaxt bilirdim ki, dinc dayanmayacaq. Hansı yolla olursa-olsun, özünü döyüş bölgəsinə çatdıracaq. Oktyabrın 5-i mənə zəng elədi ki, adımı yazdırmışam, gedirəm. 9-u isə mənə zəng edib halallıq istədi. Ondan sonra səsini eşitməmişəm. Sadəcə, dedi, ata, haqqını halal elə, gedirəm. Dedim, hara gedirsən? Dedi, özün bilmirsən hara gedirəm? Dedim, get, bala, yolun açıq olsun. Onsuz da mən sənə heç nə etməmişəm halalıq verim. Nə etmisənsə, sən mənim üçün etmisən”.

 

Oktyabrın 29-da Tahirin şəhid olma xəbəri gəlir. Övlad acısı ağır olsa da, övladlarının mərdliklə döyüşüb şəhid olma xəbəri ailəni qürurlandırır. Tahir söz verdiyi kimi, valideynlərinin başını uca edir: “Axşam idi. Zəng gəldi, atası dərhal qalxdı ayağa. Dedim, nə olub. Hiss eləmişdim ki, nəsə olub. Dedilər, yaralı gəlib. Dedim, yaralı deməyin, balam şəhid olub. Əmisi dedi, əsgərliyə gedəndə sənə nə demişdi? Dedim şəhid olacağını. Dedi, balan şəhid olub, qarşıla”.

 

İndi Maştağanın Şəhidlər Xiyabanında uyuyan 19 şəhiddən biri də əsgər Tahir Əliyevdir. O, ölümündən sonra “Vətən uğurunda”, “Fizulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR