Neftçala sakinini qoyun qırxan qayçı ilə qətlə yetirdilər

# 19:31
30 avqust 2022

Neftçalada 65 yaşlı kişi öz evində qətlə yetirilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Xıllı qəsəbəsində qeydə alınıb. Məlumata görə, qəsəbə sakini, 38 yaşlı Saleh Qurbanov ötən gün axşam saatlarında qonşusu, həm də uzaq qohumu olan 65 yaşlı Səxavət Əliyevin evinə gəlib. İki qonşu arasında yaşanan mübahisə münaqişəyə çevrilib. Elə bu zaman Saleh Qurbanov stolun üstündə gördüyü qoyun qırxmaq üçün istifadə olunan qayçını götürüb və qonşusu Səxavət Əliyevə bir neçə dəfə zərbə vurub. Daha sonra o hadisə yerindən qaçıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Qonşularının verdiyi məlumata görə, mərhum olduqca sakit adam olub. Son günlər hansısa xəstəlikdən əziyyət çəkirmiş.

Meyit müayinə olunmaq üçün məhkəmə tibbi-ekspertizaya göndərilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən Səxavət Əliyev saxlanılıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Əlibəy Zeynallı, Elçin Həsənov,APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR