Niyə “Matruşka”nı turistlərə milli suvenir kimi satırıq? – APA TV

# 19:04
12 oktyabr 2022

Getdiyimiz ölkələrdə ən çox diqqətimizi çəkən detallardan biri də həmin ölkəyə məxsus suvenirlərdir. Ölkəmizə gələn turistlər də milli suvenirlərimizə maraqla yanaşır, baha olsa belə alıb xatirə kimi saxlayırlar. Ancaq təəssüflər olsun ki, milli suvenirlərimiz çox azdır. Bu sahədə yerli istehsal isə demək olar ki, yoxdur.

Satıcılar da istehsalın ölkəmizdə olmasının tərəfdarıdır. Hətta bəziləri etiraf edirlər ki, xarici malları turistlərə milli kimi təqdim etmək məcburiyyətində qalırlar.

Turizm eksperti Ceyhun Aşurov bildirdi ki, milli suvenirlərin turizmin bir elementidir və həmişə turistlərin marağına səbəb olub. Onun fikrincə, suvenirlərin yerli istehsal olması həm sənətkarlığa, həm də kiçik ticarətin inkişafına müsbət təsir göstərər: “Bu suvenirlərin maya dəyəri əl işlərindəndir, yəni baha olduğu üçün xaricdən bunun hazır prototipləri ölkəyə gətirilir və satışını daha ucuz təşkil edirlər. Bununla bağlı bir çox sənətkarlıq nümunələri, müxtəlif suvenirlərin istehsalı ilə bağlı kiçik müəssisələr yaradılır və turistik bölgələrdə bunun satışını təşkil edirlər. Bizdə milli suvenirlər son zamanlar istehsalı olsa da, kifayət qədər deyil”.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, yalnız yerli suvenir istehsalı yox, ölkədə bir çox istehsalların təşkili mümkün olmur. Bunun da əsas səbəblərindən biri məşhur müqayisəli üstünlük səviyyəsidir: “Ölkələrarası əlaqələrin olmaması, bazarın kiçik olması, istehsal təcrübəsinin olmaması, bir çox xammal materiallarının ölkə daxilində olmaması bir çox istehsalları eni zamanda suvenir istehsalının ölkədə təşkilinə imkan vermir. Doğrudur, ənənələrə uyğun tarixi bir çox dəmirçilik suvenirlərinin ölkə daxilində yerli sənətkarlar vasitəsi ilə istehsalı kiçik də olsa mövcuddur. Öz sexlərində öz emalatxanalarında təşkil edirlər. Ölkədə bu istehsalları təşkil edəndə bazar balaca olduğuna görə, istehsalın həcmi az olduğuna görə xərclər çox olur”.

İqtisadçı onu da söylədi ki, suvenir kimi az satılan məhsulları Çin kimi nəhəng istehsalçı ölkələrdən sifariş etmək daha sərfəlidir. Məhz buna görə də yerli sərmayəçilər bu cür sahələrə maraq göstərmirlər.

Fidan Etibarqızı

Xəyal İskəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR