Növbəti Qlobal Bakı Forumunda Ermənistan nümayəndəsinin iştirakı təklif olundu

# 20:19
6 noyabr 2021

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün persrektivlər” mövzusunda panel keçirilib.

 

APA TV -nin məlumatına görə, panelin moderatoru Latviyanın keçmiş Prezidenti  Valdis Zatlers olub.

 

Ermənistan-Azərbaycan münaqişəsindən danışan Valdis Zatlers deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, 30 il ərzində münaqişə həllini tapmayıb, keçən il məhz Azərbaycan özü münaqişəni həll edib.

 

Valdis Zatlers bildirib ki, biz növbəti dəfə Qlobal Bakı Forumunda Ermənistanın nümayəndəsini görmək istəyərdik.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq istədiyini bildirib.

 

Türkiyənin keçmiş Baş naziri (2016-2018-ci il) Binəli Yıldırım Ermənistanın Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə müsbət yanaşmalı olduğunu vurğulayıb. Humanitar məqsədlə açılmış Laçın dəhlizindən fərqli məqsədlərlə istifadə edildiyinin müşahidə olunduğunu söyləyən B. Yıldırım bunun yolverilməz olduğunu vurğulayıb, Rusiyanı üçtərəfli razılaşmaya uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb.

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi (2005-2007) Deyvid Merkel qeyd edib ki, Azərbaycanın əraziləri işğaldan ediləndən sonra regional təşəbbüslər nəticəsində bölgə inkişaf edəcək.

 

Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers isə Cənubi Qafqaz ölkələrinin Çinin “Bir yol, bir qurşaq” layihəsində fəal iştirak etməsini vacib sayıb.

 

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin nəzərə çatdırıb ki, Türkiyə Ermənistan müstəqilliyini tanıyıb. O bildirib ki, bu regionda sülh şəraitində yaşamağı öyrənməliyik.

 

Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers Türkiyənin Ermənistanın potensialını reallaşdırmağa kömək edəcəyinə inandığını söyləyib.

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR