Göyçaylılar bütün nar ağaclarını kəsməyə hazırlaşırlar – İnanılmaz səbəb

# 21:39
26 sentyabr 2022

Artıq payız mövsümü başlayıb. Bu isə o deməkdir ki, süfrələrimizə nar, mandarin, portağal kimi meyvələrin gəlməsinə az qalıb. Lakin sahibkarlar deyir ki, sadalanan meyvələrdə çatlama bu il daha çox olduğundan məhsuldarlıq aşağı düşür.

Sahibkarların sözlərinə görə, meyvələrin bu cür çatlamağı keçən illərə nisbətən daha çox müşahidə olunur. Çatlama ilə yanaşı, çürümə də əsas problemlərdən biridir.

Həm biologiya müəllimi, həm də sahibkar kimi fəaliyyət göstərən Yunus Qulamovsa deyir ki, sitrus meyvələrin çatlamasının əsas səbəbi suvarılmanın düzgün aparılmamasıdır. Onun fikrincə, mandarin, portağal kimi meyvələrə həddindən artıq sulamaq düzgün deyil. Çünki cənub zonasında yağmurlu havalar daha çox müşahidə olunur: ”Həmin yağış suları bitkilər tərəfindən mənimsənilir. Nəticədə normadan artıq su götürən meyvə çatlamağa başlayır. Çünki meyvənin qabığı nazikdir. Bu isə ən çox sitrus meyvələrində müşahidə olunur”.

Cənub bölgəsindəki sakibkarlar, meyvələrə vurulan dərmanların keyfiyyətsiz olduğunu, buna görə də, çürümə kimi xəstəliklərin qarşısını almadıqlarını vurğulayırlar.

Göyçayda nar yetişdirən sahibkarların da əsas dərdi nar ağaclarına vurulan dərmanların keyfiyyətsiz olmasıdır. Elə bu səbəbdən sahibkarlar nar bağlarını başqa meyvələrlə əvəz etməyi düşünür. Çünki başqa meyvələrə vurulan dərmanlar nara nisbətən daha azdır.

Aqronom Yunus Abazaliyevin sözlərinə görə, meyvələrdə çatlama hər il baş verən hadisədir. Çatlamaların mandarin və portağalda əsas səbəblərindən biri fermerlərin dediyi kimi suvarılmanın düzgün aparılmamasından irəli gəlir. Lakin narda əsas problem onun qabığının nazik olmasıdır. Bu problemi isə dərmanlar və gübrələr vasitəsilə aradan qaldırmaq olar. Burada əsas məqam kalium və kalsium gübrəsindən düzgün və qədərində istifadə etməkdir. Çünki bir çox fermer ağaca kaliumu həddindən çox verir. Lakin bu gübrəni kalsiumla növbəli şəkildə nar ağacına yeritmək lazımdır ki, narın qabığı elastik və dözümlü olsun: ”Kalium gübrəsindən düzgün istifadə etmədikdə, elastikliyin itirir. Belə olan təqdirdə soyuq hava və belə havada suvarılma narda çatlamaya səbəb ola bilir”.

Görünür problem iki səbəbdən qaynaqlanır. Suvarılmanın düzgün aparılmaması və keyfiyyətsiz dərmanlar.

 

Bitki dərmanlarının niyə keyfiyyətiz olması barədə AQTA-ya ünvanladığımız sorğuya acavab olaraq bildirildi ki, qurum tərəfindən mütamadi yoxlamalar aparılır. Hətta sahibkarın istifadə etdiyi bəzi dərman markaları var ki, onların ağaclar üçün yararsız olduğu artıq təsdiq olunub. AQTA-nın sektor müdiri Cavidan Quliyev deyir ki, nəzarət tədbirləri çərçivəsində tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı, istifadə müddəti bitmiş, qeydiyyatdan keçməmiş pestisid və aqrokimyəvi maddələr aşkarlanıb: “Belə ki, yoxlamalar zamanı 124 preparatın 6-nın tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı müəyyən edilib. Digər 40 nümunənin analizi isə davam edir. AQTA adıçəkilən pestisid və aqrokimyəvi maddələrin satışının qanunazidd olduğunu bildirir və fermerləri sınaqdan keçməmiş, istifadə müddəti bitmiş, qeydiyyatsız preparatları təsərrüfatlarda istifadə etməməyə çağırır”.

Görünür bu dərmanların keyfiyyətinin yaxşılaşmaması hələ çox fermerə ziyan vuracaq. Nəticədə isə bazarlarda kələ-çarxa çıxan qiymətlərlə daha tez-tez rastlaşacağıq. Sahibkarlar bu yöndə də dövlətin subsiyada dəstəyini gözlədiklərini deyirlər. Çünki nar, mandarin, portağal kimi meyvələr bol vitaminli olduğu üçün xaricə daha çox ixrac olunur və daha çox gəlir gətirir.

Semral Cavad
Şahnəzər Bəşirov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR