Oğlu şəhid oldu, nəvəsi müharibənin qalib əsgəri

# 11:20
2 noyabr 2021

Ölkəmizdə yaşayan, Azərbaycanı Vətəni hesab edən digər millətlərin nümayəndələri ruslar, yəhudilər, ukraynalılar, ləzgilər, tatarlar, talışlar döyüşə yollanaraq, ölüm-dirim mübarizəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazıblar. Belə qəhrəmanlardan biri də Şirvandan olan pulemyotçu rus əsilli Oleq Mamontovdur. O 44 günlük Vətən müharibəsində 28 gün döyüşlərin ən qaynar nöqtələrində fədakarcasına vuruşub. Oleq rus əsilli olsa da Azərbaycanı çox sevir. Öz torpağını, şərəfini və vətənini qoruyan Oleqin döyüş yolu Cəbrayıldan başladı, Qubadlıdan keçdi, Laçında isə qələbə gününə qədər davam etdi.

Döyüşdə 133 kilometr piyada yol qət edən Oleq öz döyüş yolundan böyük sevinclə danışır: “Cəbrayılda hərbi hissə komandirimizlə birgə döyüşə girdik. Sonra oradan Qubadlıya... bizim texnikanı vurdular döyüş vaxtı. Biz başladıq piyada irəliləməyə. Qubadlının girəcəyində dayandıq. 133 km piyada getdik...Uşaqlar var idi ki, yaralı olmasına baxmayaraq hücuma keçirdi, yarasına baxmırdı. Hətta bölüyümüzdəki  bir əsgərin barmağını avtomat qoparmışdı. Amma yenə də ona baxmayaraq barmağının qanını üstünə silib hücuma keçirdi.”

Oleq adı ona Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun “Səbayel Tank Batalyonun” da döyüşərək şəhid olan cəsur tankçı əmisi Oleq Mamontovun şərəfinə verilib. Oleqin əmisi Oleq Nikolayeviç Mamontov birinci Qarabağ savaşında  erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1993-cü il oktyabrın 12-də Ağdam uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Oleq Nikolayeviç Mamontov döyüş meydanında şəhid olub. 

Şəhidin anası 72 yaşlı Elena Nikalayevna Mamontova deyir ki, bizim əcdadlarımız Azərbaycanda doğulub. Biz də burda doğulmuşuq. Azərbaycanı doğma vətənimiz hesab edirik. Oğlum Oleq Nikolayeviç şəhid olsa da onun yolunu nəvəm Oleq Dmitriyeviç davam etdirdi: “Mən oğlumla da, nəvələrimlə də fəxr edirəm. Onlar öz vətənlərini qoruyurlar. Nə olar ki, rusdurlar? Azərbaycanda doğulub, demək onun vətəni buradır. Biz burda yerli insanlarıq. Biz Rusiya “tanımırıq”, biz ancaq Rusiyaya televizorda baxırıq. Ona görə də mən onunla fəxr edirəm...  ...mənim bacım Rusiyada yaşayır. Biz də onu ora göndərə bilərdik. Axı niyə? Onda kim döyüşəcək. Kim vətəni qoruyacaq? Düşmən gələndə fərq qoymur, məhv edir. Məndə belə bir hiss var ki, mənim oğlum onun simasında yaşayır. Baxırsan görürsən ki, o da oğlumdu. Nə fərqi var nəvələr övladlardan da şirindir. ”

Oleq Dmitriyeviç Mamontov müharibədə iştirak etdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR