Oğuzhan Bilgin: “Ermənistan bir layihə dövlətidir”

# 15:47
4 oktyabr 2021

“Regionda son bir həftədir ki, gərgin münasibət hiss olunur. Bu münasibətlərin təhlil edilməsinə ehtiyac var”.

 

APA TV-nin xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfransda çıxışı zamanı deyib.

 

O xatırladıb ki, Azərbaycanın Türkiyə ilə bir çox sahədə əməkdaşlığı mövcuddur: “Hesab edirəm ki, düşüncə mərkəzləri sahəsində də əməkdaşlıq vacibdir", - deyə Fərid Şəfiyev deyib.

 

Qars müqaviləsinə diqqət çəkən Fərid Şəfiyev qeyd edib ki, Ermənistan qonşu ölkələrə ərazi iddiasından əl çəkməlidir: “Qars müqaviləsi hələ də qüvvədə olan bir sənəddir. Sənədin çox böyük əhəmiyyəti var. Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir. Bir il hələ keçməyib, 10 noyabr Bəyanatının 9-cu bəndində yer alan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni başqa istiqamətə yozmaq istəyirlər. Buradan da görünür ki, onlar üçün öhdəlik deyilən bir anlayış yoxdur”, - deyə o qeyd edib.

 

Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar isə bildirib ki, hələ Qars müqaviləsi imzalanan zamandan Ermənistan Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı torpaq iddialarında olub: “Qars müqaviləsi Ermənistana qarşı Azərbaycanla Türkiyəni güclü edən bir sənəddir. Şuşa Bəyannaməsi də Azərbaycan və Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması deməkdir. Bakı Bəyannaməsi isə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gələrək imzaladığı sənəddir. Bakı və Şuşa bəyannamələri çox əhəmiyyətli bir sənəddir”.

 

Türkiyənin Diplomatiya Vəqfinin direktoru Oğuzhan Bilginin sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə əvvəlki dövlətlər deyil: “Ermənistan bir layihə dövlətidir. Çünki həmin dövlət Türkiyə ilə Azərbaycan arasında müəyyən maneələrin olması üçün yaradılmış layihədir. Amma bu gün Naxçıvanın Azərbaycan torpağı olması və Zəngəzur dəhlizinin açılması bu layihənin çökməsi demək olacaq”.

 

Tədbir çıxışlarla davam edib.

 

 

Sevinc Vaqifqızı, Samir Qaragözov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR