Ordubadda qədim şəhər qalıqları - Sakinlər buranı “Xaraba Gilan” adlandırır

# 10:00
4 mart 2023

Ordubad rayonunun Aza və Dizə kəndləri yaxınlığında, Gilançay, Düylünçay və Araz çaylarının arasındakı yüksəklikdə yerləşən, hazırda xaraba qalan bu məskənin qədim Gilan şəhərinin qalıqları olduğu ehtimal edilir.

Muxtar Respublikanın sakinlərinin “Xaraba Gilan” adlandırdığı bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı buradan Roma, Sasani, Abbasilər, Samanilər, Atabəylər, Şirvanşahlar və Hülakilər dövlətinə aid qızıl, gümüş və mis sikkələr tapılıb. Bu da sözügedən ərazinin mühüm ticarət mərkəzlərindən biri olmasını sübut edir.

Bu ərazinin qədimliyini rusiyalı qafqazşünas İvan Şopen Ordubadda Kilit kəndinin əhalisinin ətraf kəndlərin anlamadığı dildə danışdığını bildirərkən də qeyd edib. İddialara görə, Ordubad ərazisində bir neçə kənd bu dildə danışıb, lakin, XX əsrə kimi bu dil yalnız Kilit kəndində qalıb. Bu fakt isə onu göstərir ki, Xəzəryanı Gilan ərazisində yaşayan giləklər müəyyən dövr ərzində bu əraziyə köçürülüb və onlar eyni adlı yeni şəhəri burada salıblar. Bəzi mənbələrdə keçən Kiran və ya Gilan adının bu şəhərə aid olduğu ehtimal olunur.

“Xaraba Gilan”ın birinci dəfə monqolların yürüşü zamanı, ikinci dəfə isə Teymurun oğlu Miranşahın hücumu nəticəsində dağıdıldığı güman edilir. Bundan sonra tənəzzülə uğrayan şəhəri sakinlər tədricən tərk edib və o, xarabalığa çevrilib.

Axtarışlar zamanı müxtəlif əmək alətləri, məişət və bəzək əşyaları, saxsı su boruları, qəbirlər, sikkələr və başqa nümunələr tapılıb. Eyni zamanda müxtəlif tikililərin qalıqları üzə çıxarılıb.

1896-cı ildə buranın tədqiqinə başlanılsa da, ilk arxeoloji qazıntılar 1913-cü ildə aparılıb. O zaman Azərbaycan Rusiya imperiyasının tərkibində olduğundan əldə olunan nümunələr Tiflis və Peterburq muzeylərinə göndərilib.

1926-1927-ci ildə aparılan tədqiqatlardan sonra “Xaraba Gilan”ın öyrənilməsində 40 illik fasilə yaranır və 1970-ci illərin ikinci yarısında araşdırmalar davam etdirilir. 1976-cı ildə aparılan qazıntılar zamanı XII-XIII əsrdə tikildiyi təxmin olunan karvansaray aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR