Ötən ilin bu günü ata və oğul düşmən terrorunun qurbanı olub
Vətən müharibəsinin beşinci günü də terrorsuz ötüşməmişdi. Yenə düşmən dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini artilleriya silahlarından atəşə tutur. Düşmənin bu addımı bu dəfə də bir ailənin faciə yaşamasına səbəb olur. Ağdamın Hacıməmmədli kəndinə atılan mərmilərdən biri bir ailənin iki üzvünün həlak olması ilə nəticələnir. Söhbət 1966-cı il təvəllüdlü Mürşüd Rəşid oğlu Məmmədov və onun oğlu 1996-cı il təvəllüdlü Samir Mürşüd oğlu Məmmədovdan gedir. Onlar məhz 1 oktyabr tarixində yaşadıqları evin həyətinə düşən mərminin partlayışından həlak olublar.
Hələ qarşıda 39 gün qalmışdı. Hələ cəbhədə silahını, texnikasını, sənədini belə atıb qaçan erməni ordusu dinc sakinlərimizə qarşı daha böyük terror əməlləri törədəcəkdı. Müzəffər Azərbaycan əsgəri isə bunun qisasını şanına layiq şəkildə cəbhədə alacaqdı...
Elgün Gəncimsoy, Arzu Quliyev – APA TV , Ağdam