Özünü Prezident Administrasiyasında şöbə müdiri kimi təqdim etdi, qaziləri aldatdı

# 13:21
29 dekabr 2022

Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elvin Əliyev və Ənvər Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.Qeyd edək ki, vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim etmiş, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb, onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank hesabına köçürülməsini təmin edib dələduzluq yolu ilə ələ keçirib.

Bu əməllərinə görə Elvin Əliyev təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR