Parkı kimlər zəbt edib? - SAKİNLƏR İSTİRAHƏT EDƏ BİLMİR

# 13:40
2 sentyabr 2021

Bu kadrlar paytaxtın Neftçilər metrosu yaxınlığında, "Maklerlər bağı” kimi tanınan ərazidə lentə alınıb.

 

APA TV-nin xəbərinə görə, tüfeyli həyat tərzi keçirən bir qrup insan parkda istirahətə gələnlərin kefinə soğan doğrayır desək tam yerinə düşər. Belə ki, bu insanlar günlərlə parkda qalır, yeməklərin burada yeyir, yatır, hətta təbii ehtiyaclarını da park ərazisində  həyata keçirirlər.

 

Hazırda Neftçilər metrosu ətrafında yerləşən parklardan birindəyik. Bura insanların daha sıx hərəkət etdiyi yerlərdən biridir. İçki düşkünü olan insanlar oturacaqların üzərinə əşyalarını qoymaqla özlərinə məskən salıblar. Sakinlərin sözlərinə görə, bu insanların sayı axşam saatlarında daha çox olur.

 

Çəkiliş apardığımız müddət ərzində bu insanlara yaxınlaşıb müsahibə almaq istəsək də,  bəziləri içkinin təsirindən yatılı oldular, bəziləri isə kameradan qaçmağa çalışdı. Amma dayanıb kameramıza danışanlar da oldu.

 

Sakinlər  deyir ki, xüsusən son bir neçə ayda vəziyyət daha dözülməz olub. Hər gün sayları çoxalan bu insanlar bəzən onlardan pul tələb edir, bəzən isə qeyri-etik hərəkətlər edirlər.

 

- Axşam saatlarında keçmək mümkün deyil. Soyğunçuluq da edirlər.  Ailə-uşaqla ümumiyyətlə gəlmək mümkün deyil. Adam da saymırlar. Paltarların soyunub yatırlar.

 

- Cavan uşaqlardı, yaşlılar da var. Oturublar oturacaqlarda. Hər yeri zibillik ediblər.  Ailə-uşaqla gəlib istirahət etmək istəyirsən. Ancaq onların yanından keçərkən utanırsan. Üfunət iyi də bir tərəfdən.  Yeyib içdiklərini tökürlər əraziyə. Getdikcə də daha çoxalırlar. 

 

- Bunlar insanları çox narahat edirlər. Son 4 ayda daha çoxalıblar. İçlərində qadınlar da var. Harada isə 20-25 nəfər olurlar. Şalvarı salır aşağı. Soyunur istədiyi kimi. Üfunət iyindən dayanmaq olmur.

 

Bəs bu insanlara nəzarət necə həyata keçirilməlidir? Bu şəxslər etdikləri hərəkətlərə görə, məsuliyyətə cəlb oluna bilərlərmi? Suallarımıza aydınlıq gətirmək üçün üz tutduq Daxili İşlər Nazirliyinə.

 

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, dilənçilik və tüfeyli həyat tərzi keçirən insanlarla profilaktik tədbirlərin görülməsi ərazi üzrə polis bölmələrinin üzərinə düşür. Bu istiqamətdə mütəmadi olaraq polis əməkdaşları tərəfindən tədbirlər görülür. Vətəndaşlar tərəfindən həmin şəxslərlə bağlı şikayət olduğu halda, onların ərazidən uzaqlaşdırılması, müvafiq yerlərə yerləşdirilməsi prosesi həyata keçirilir. 

 

Xələf Xələfov,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR