Paşinyan əl çəkdi, Makron əl çəkmir: Fransanın humanist çağırış hiyləsi

# 17:09
26 dekabr 2022

Ötən həftə Fransa prezidenti Emmanuel Makron beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi barədə çağırış edib. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, rəsmi Parisin son zamanlar regiona və eləcə də Qarabağa yersiz müdaxilə cəhdləri artıb.

Maraqlıdır ki, ATƏT-in keçmiş Minsk qrupunun sabiq üzvü olan Fransa, bu dəfə də müxtəlif vasitələrlə regionda özünü göstərəməyə çalışır. Xatırlayırsınızsa, oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası yerləşdirildi və missiya dekabrın 19- da işini yekunlaşdırdı. Üstəlik, Fransa Bakı və İrəvan arasında aparılan danışıqlar formatına yersiz müdaxilələr etməyə çalışdı. Görünür, Makron cəhdlərinin boşa çıxdığını görüb bu dəfə beynəlxalq humanitar təşkilatların göndərilməsi adı ilə proseslərə müdaxilə etmək istəyir.

 

“Emmanuel Makron daxili və xarici siyasətdə çox naşı biridir”.

Bu fikir Fransa prezidentinin son dövrlər yürütdüyü siyasətini şərh edən deputat Tural Gəncəliyevə aiddir. Onun sözlərinə görə, Makron dönəmində Fransa beynəlxalq nüfuzunu itirib və ölkə daxilində də iqtisadi vəziyyətə görə narazılıq artmaqdadır. Tural Gəncəliyev qeyd edib ki, Makron beynəlxalq təşkilatıları Xankəndiyə çağırmaqla özünü gülünc vəziyyətə salıb.

Deputat əlavə edib ki, Azərbaycanın Qırmızı Xaç Cəmiyyətini əraziyə dəvət etməsi erməni təbliğat maşınına vurulan zərbə oldu. Çünki, təşkilat Qarabağda hər hansı blokada şəraitinin olmadığını, hətta ermənilərin yaşadıqları ərazilərdə normal yaşayışın davam etdiyini beynəlxalq ictimaiyyətə çatdırır.

Siyasi şərhçi Şəbnəm Həsənova isə düşünür ki, Fransa Azərbaycan ərazilərinə müdaxilə etməyə çalışmaqla beynəlxalq ictimaiyyəti öz kirli əməllərinə alət edir. O əlavə edib ki, bölgədə humanitar böhran yaşanmır və rəsmi Bakı hər hansı təşkilatın beynəlxalq humanitar yardım adı ilə Azərbaycan ərazisinə girməyə icazə verməyəcək.

Şəbnəm Həsənova əlavə edib ki, Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquq və normalar çərçivəsindədir. Siyasi şərhçi qeyd edib ki, prezident İlham Əliyev Emmanuel Makronla son telefon danışığında da 8 kəndin Ermənustanın işğalı altında qaldığını xatırladıb. Bunu isə siyasi mənada Fransanı balanslı və qərəzsiz mövqe sərgiləməyə çağırış kimi qiymətləndirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR