Paşinyan hökumətinin növbəti acizliyi: Qadınlar döyüş hissələrində xidmətə cəlb ediləcək

# 14:03
25 avqust 2021

Ermənistan hökuməti silahlı qüvvələrin yenidən formalaşdırılması çərçivəsində qadınları döyüş hissələrində xidmətə cəlb etmək niyyətindədir.

 

APA TV-nin xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə Nazirlər Kabinetinin yeni proqramının təqdimatı zamanı bildirib.

 

“Proqramımızda qadınların silahlı qüvvələrin döyüş hissələrinə daha geniş şəkildə cəlb edilməsi ilə bağlı bir bənd var. Qadınların iştirakı ilə bağlı tezisin ideoloji və ya anti-ideoloji əsası yoxdur, ancaq praqmatik hesablamalarla şərtlənir. Qadınlar Ermənistan əhalisinin əksəriyyətini təşkil edir. Hər hansı bir sahədə öz resurslarından yetərincə istifadə edilməməsi ölkəmizin inkişaf potensialını təhrif etmək deməkdir”, - deyə Nikol Paşinyan qeyd edib.

 

Bəs real vəziyyət necədir?

 

Ekspertlər isə hesab edir ki, qazanc məqsədi ilə Ermənistanı tərk edənlərin geri dönməməsi ölkədə doğum sayının da kəskin azalmasına gətirib çıxarıb. Sabit emiqrasiya ilə əhalinin azalması tendensiyası işğalçı ölkənin ordusunda qadınların xidmət keçməsini zərurətə çevirib və bunun üçün ordu strukturlarında dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

 

Məsələyə münasibət bildirən Deputat Jalə Əliyeva deyib ki, Baş nazir Nikol Paşinyanın qadınların Ermənistan ordusuna cəlb olunmasına dair verdiyi bəyanatlar baş nazirin növbəti acizliyinin nümunəsidir: “Hələ 44 günlük Vətən Müharibəsindən öncə və müharibə gedən zaman Paşinyanın həyat yoldaşı Anna Paşinyanın başına 13 bəzəkli, makiyajlı qadınlarıı yığıb silah tutmaqlarının da şahidi olmuşuq. Hazırda bu baş verən proseslər məcburiyyətdən,  çıxılmaz vəziyyətdə qalmasından irəli gəlir. Hesab edirəm ki, dünya bu mənasız qərarı görəcək və anlayacaq ki, Paşinyan öz ordusunun yararsızlığını ört basdır etmək üçün bu qərarı verib”.

 

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Ermənistanın cəmi 44 günlük müharibə günlərində Azərbaycan ordusu qarşında biabırçı məğlubiyyəti, eyni zamanda son zamanlar hərbi hissə və birləşmələrindəki xaos, nizam-intizamsızlıq, ölüm hadisələrinin geniş vüsət alması orduda fərariliyin kəskin artması ilə nəticələnib. Onun sözlərinə görə, bu da gənclərin ölkəni kütləvi şəkildə tərk etməsinə səbəb olub: “Ermənistan genefondunu bu müharibə demək olar ki, məhv elədi. Erməni hakimiyyətinin xalqını aldatması sonda onları elə bir günə gətirib çıxardı ki, artıq orduya göndərməyə gənc tapılmır. Bir az savadı olanlar xaricə qaçıb, qalanları da Rusiya bazarlarında əllərində araba dolaşırlar. Baxın budur Erməni ordusunun aqibəti”.

 

Xatırladaq ki, bundan öncə də Ermənistan parlamenti 45 yaşına kimi olan şəxslərin orduya cəlb edilməsi ilə bağlı qərar qəbul etmişdi.

 

İlahə Vəliyeva,

Əli Ələkbər,

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR