Paşinyanı devirməyə hazırlaşırlar? - Ermənistanda növbəti xaos gözlənilir – APA TV

# 19:46
15 sentyabr 2022

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməyə cəhd etdi. Ancaq ordumuz bu təxribata cavab olaraq lokal əks tədbirlər həyata keçirərək düşmənin atəş nöqtələrini neytrallaşdırdı.

Erməni KİV-lərində yayılan məlumata görə, sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəlinib. Paşinyanın parlamentdəki açıqlamasına görə 105, qeyri-rəsmi mənbələrə görə, 200-dən çox erməni hərbçisi ölüb. Ermənistan rəsmiləri ərazilərinin Azərbaycan tərəfindən işğal edilməsi barədə isterik çıxışlar etsələr də, bir çox ictimai-siyasi fəallar, partiya sədrləri, politoloqlar günah keçisi kimi Paşinyan hakimiyyətini görürlər. Sosial şəbəkələrdə və yerli mediada səsləndirilən və paylaşılan fikirlərin bəzilərini təqdim edirik.

 “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bildirib ki, yeni sərhədlərdə lazımi infrastrukturlar formalaşmayıb və ya çox natamam formalaşıb ki, bu da öz növbəsində ölü sayının kəskin artmasına səbəb olub. 

Növbəti açıqlamasında isə Tiqran Abramyan Paşinyan hakimiyyətini tənqid edərək Ermənistanla Azərbaycanın siyasətini müqayisə edib. O bildirib ki, rəsmi Bakının tələbləri daha əhatəli, daha iddialıdır və bu istiqamətdə həm diplomatik, həm də hərbi sahədə fəal iş aparılır.

“Hayastan” fraksiyasının deputatı Qeqam Nazaryan da Paşinyanın istefa verməsi üçün erməni xalqının birlik olaraq mübarizəyə başlamalı olduğunu deyib.

Siyasi şərhçi Viqen Akopyan isə yerli mediaya açıqlamasında Ermənistanın nə sülh, nə də müharibə üçün resurslarının olduğunu söyləyib. O Paşinyanı nəzərdə tutaraq qeyd edib ki, prosesdə danışıqları aparan şəxsin dəyişdirilməsinin vaxtı çatıb.

Siyasi şərhçi Hayk Xalatyan açıqlamasında Ermənistan tərəfinin yüzlərlə itkisinin səbəbini Paşinyan hakimiyyətində və onları seçən ermənilərdə görüb.

Digər siyasi şərhçi Hrant Melik Şahnazaryan isə bildirib ki, yaranmış xaotik vəziyyətdən çıxış çoxnümayəndəli şura yaratmaqdır.

Nikol Paşinyan inanılmaz dərəcədə yalan və son dərəcə təhlükəli bəyanat verdi. Bu fikir isə sosial şəbəkələrin erməni seqmentindəki tanınmış “Mika Badalyan” adlı teleqram kanalında paylaşılıb. Qeyd olunub ki, Paşinyanın parlamentdəki çıxışının mənası ondan ibarətdir ki, Ermənistan ordusu tamamilə ləğv edilməlidir. Sitat: Əgər sülh və firavanlıq istəyiriksə, o zaman Ermənistan ordusunu dağıtmalıyıq, əks halda bizə davamlı hücumlar olacaq. Sitatın sonu

“Sergey Melkonyan” teleqram kanalında da Paşinyan hakimiyyəti tənqid edilib. Qeyd olunub ki, Ermənistan ordusu zəifdir, üstəlik baş nazirin hərbi səfərbərlik elan etməməsi də sual yaradır.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın ictimai-siyasi xadimlərinin belə anti-hakimiyyət paylaşımları minlərlərdir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR