Polis komandiri ailəsi ilə birlikdə yanaraq öldü - TƏFƏRRÜATLAR

# 10:40
2 dekabr 2021

Ağcabədidə bir ailənin faciəvi ölümünə səbəb olan yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Ağcabədi rayonunun Hindarx qəsəbəsində  Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı, 4 nəfəri xilas etmək mümkün olsa da  3 nəfər tüstüdən boğularaq ölüb.

 

Yanğın hadisəsi gecə saatlarında baş verib. Bu səbəbdən də evdə yaşayan 7 nəfər yatılı olub. Hadisə şahidlərinin sözlərinə görə, evdən çıxan alovu  ilk olaraq qonşular görüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin  qaynar xəttinə məlumat verilib. Həyətə keçən qonşular birinci mərtəbədə yaşayan 4 nəfəri yanğından xəbərdar edərək xilas edə biliblər. İkinci  mərtəbəyə qalxan  pilləkəni alov aldığından hadisə yerinə gələnlər müdaxilə edə bilməyib. Evin pəncərələri dəmir məhəccərlə örtülü olduğundan içəri daxil olmaq da mümkünsüz olub.

Hadisə zamanı tüstüdən boğulan 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu,  Kərimova Halə İsa qızı və onların azyaşlı övladı Kərimov Pünhan Miri oğlunun  həyatını itirib.

Yanğının başvermə səbəbi hələ ki, məlum deyil. Ev sahibinin qohumu Allahverdi Kərimov yanğının qaz sızmasından ola biləcəyini deyib: “Gecə saat bir radələrində xəbər tutduq ki ev yanır. Gəldik yanğınsöndürənlər də vaxtında gəldi. Amma nə fayda ev yanmışdı. Bildiyiniz kimi uşaqlar da tüstüdən zəhərlənmişdilər. Rəhmətə getdilər. Bizə elə gəlir ki, qaz sızması ola bilər. Həmən vaxtı işıq yandı sönmüşdü . Amma elə bilirəm işıqla əlaqəli olmaz. Bəlkə də işıqdandır qaz sızması olub işıq vurulanda partlayış baş verib. Yanğın evin mətbəx hissəsindən baş verib. Elə içəridən də çıxa bilməyiblər.”

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma başlanıb.

 

Qeyd edək ki, yanğın zamanı həyatını itirən Kərimov Miri post patrul xidmətinin komandiridir.

 

Habil Aslanoğlu, Ziya İsmayıloğlu, APA TV, Ağcabədi

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR