Politoloq: “Polis əməkdaşına xəsarət yetirilibsə növbəti maddə ilə cinayət işi başlanıla bilər”

# 17:07
3 avqust 2021

“Deputat Eldəniz Səlimovla bağlı yaşanan hadisə və dövlət qurumlarının məsələyə operativ münasibəti, baş verən proseslər bir daha onu sübut edir ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə hüququn və qanunun aliliyi birmənalı şəkildə qorunur”.

 

Bunu APA TV-yə açıqlamasında Siyasi və hüquqi strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib: “Bu kimi hadisələr bir daha onu göstərir ki, Azərbaycan dövlətində toxunulmaz şəxs yoxdur, hər bir şəxs özünə uyğun şəkildə qanun pozuntularına, cinayətlərə, digər hərəkətlərə görə cavab verir, məsuliyyət daşıyır. Konkret olaraq deputatla bağlı olaya gəldikdə isə həmin şəxs tərəfindən müvafiq cinayətin törədilməsi halının yekun nəticəsi olaraq onunla bağlı cinayət işi başlanılıb. Sadəcə insanlarımız bilməlidirlər ki, sadə vətəndaşlardan fərqli olaraq, yəni toxunulmazlıq hüququ olan şəxslərin cinayət başında yaxalanmasından başqa məsuliyyətə cəlb olunması üçün onların toxunulmazlıq hüququnun götürülməsi həya keçirilməlidir”.

 

Xəyal Bəşirovun sözlərinə görə, Eldəniz Səlimovla bağlı Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə (yəni vəzifə hallarını aşma ağırlaşdırıcı hallarda 3 ildən -8 ilədək müddətə cəza gözləyən) cinayət işi başlanılıb. Əgər hadisə zamanı polis əməkdaşına xəsarət yetirilibsə xəsarətin dərəcəsi ekspert tərəfindən müəyyən olunduqdan sonra onun barəsində növbəti cinayət müddəası ilə cinayət işi başlanıla bilər: “Bu da polis əməkdaşının sağlamlığına yüngül, az ağır xəsarət yetirmə və ağır xəsarət yetirmə kimi ola bilər ki, yüngül xəsarət yetirmədə 1 ilə kimi azadlıqdan məhrum etmə, az ağır 2 ilə qədər, ağır isə 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyən maddələrdir. Düşünürəm ki, bu bir daha toxunulmazlıq hüququ olan şəxslərə, Azərbaycan Respublikasının Konstitusiyasına görə, MM-in deputatları, hakimlər və bir sıra digər şəxslər var ki, onlar toxunulmazlıq hüququna malikdirlər. Bu şəxslər heç də düşünməsinlər ki, onların da toxunulmazlıq hüququnun olması onlara qarşı hansısa cinayət hadisəsini törətməyə, intizam tədbiri görməyə imkan verməyəcək. Bu heç də o demək deyil”.

 

Konstitusiyamızın 91-ci maddəsini xatırladan Xəyal Bəşirovun sözlərinə görə, deputat yalnız qanunvericilik fəaliyyəti zamanı verdiyi səsə görə, səsləndirdiyi fikirlərə görə məsuliyyətə cəlb edilə bilməz. Bununla bağlı deputatın razılığı olmadan ifadə, izahat tələb oluna bilməz. Amma digər hallarda deputat Milli Məclisdə işlərini yekunlaşdırdıqdan sonra həyat fəaliyyəti zamanı atdığı bütün addımlara görə məsuliyyət daşıyır:  “Əslində Milli Məclisin deputatı olmasına baxmayaraq Eldəniz Səlimovun törətdiyi qanun pozuntusuna görə, onun barəsində atılan bu addımları qanunauyğun və obyektiv hesab edirəm. Təbii ki, istintaqın nəticələri ilə bağlı indidən fikir səsləndirə bilmərik, istintaq obyektiv şəkildə aparılacaq və yekun nəticədə əgər həqiqətən də həmin şəxsin həmin cinayəti törətməsində təqsirli bilindiyi müəyyən olunarsa yalnız və yalnız məhkəmənin hökmünə əsasən cinayətin törədilib-törədilməməsi müəyyən olacaq. Yalnız bundan sonra o, cinayət məsuliyyətinə cəlb oluna bilər”.

 

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

Sevinc Vaqifqızı,

Samir Qaragözov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR