Prezident İlham Əliyevin müsahibəsindəki mesajlar

# 20:29
28 sentyabr 2021

“Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə keçmiş münaqişənin həm tarixinə nəzər salındı, həm də bu gün regiondakı proseslər dəyərləndirildi, bölgənin böyük dövlətlərinin oynadığı rola qiymət verildi. Eyni zamanda, regiondan kənar, lakin regionda maraqları olan böyük dövlətlərin atdıqları addımlara da diqqət çəkildi”.

 

Bunu APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib. Onun sözlərinə görə, bu nəzərsalma tənqidi xarakter daşıyırdı və haqlı olaraq Cənab Prezident bu savaşın baş verməsində sadəcə Ermənistanı deyil, həm də bir sıra böyük dövlətləri günahlandırdı:  “Əslində Prezident İlham Əliyev bundan öncə verdiyi müsahibələrində bu savaşın baş verməsində hər iki tərəfdən bu qədər itkilərin olmasında sadəcə Ermənistanın terrorçu, işğalçı siyasət yeritməsində günahkar olmadığını, həm də zamanında  böyük dövlətlər məhz BMT nizamnaməsindən çıxış edərək Ermənistana çəkil Azərbaycan torpağından desəydi və ya hər hansı sanksiya tətbiq etsəydilər o zaman heç bir savaşa ehtiyac qalmazdı”.

 

Deputat hesab edir ki, Minsk qrupuna həmsədirlik edən üç dövlətin “status kvonun qorunub saxlanılması yolverilməzdir” bəyanatlarını sonradan “status kvo dayanıqlı deyil” bəyanatları ilə əvəzləməsi Paşinyan hakimiyyətini danışıqlardan qaçmağa həvəsləndirdi. Eyni zamanda, erməniləri iyul ayında Azərbaycan torpaqlara hücum etməyə cəsarətləndirdi.

 

Deputat Vüqar İsgəndərov isə Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsinə toxunmasını olduqca önəmli hesab edir. Onun fikirincə, prezidentin “indi artıq “Dağlıq Qarabağ” anlayışı yoxdur, artıq Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu mövcuddur. Ona görə də hər bir siyasətçi, beynəlxalq təşkilatların nümayəndələri belə bir fikirləri söyləyəndə diqqətli olmalıdırlar” mesajı aidiyyəti dövlət və təşkilatlara ünvanlanmış ən güclü siyasi tələb idi: “Noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyanatı misal göstərdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Yəni bu bağlantı təmin edildimi? Xeyir bu bağlantını təmin etmək üçün böyük zamana ehtiyac olmadığını vurğuladı. Orada quru yollarla olan məsafə 40 kilometrdir. Biz müharibədən keçən bir il ərzində 1000 kilometrdən çox yol çəkmişik. Bura həm torpaq, həm də torpaq yol nəzərdə tutulur. İndi həmin ərazidə 40 km yolun açılması problem deyil. Hətta Ermənistan buna razılıq verib. Amma danışıqlar nəticəsiz qalır. Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobudcasına pozur”.

 

Müsahibədə ən diqqət çəkən məqamlardan biri də cənab prezidentin Vətən Müharibəsi zamanı dost və düşmən ölkələrin özlərini açıq şəkildə bəlli etdikləri ilə bağlı səsləndirdiyi fikirlər oldu. Cənab prezident Türkiyə Cümhuriyyətinin, xüsusilə də cənab Ərdoğanın proseslərin gedişatında böyük rol oynadığını bildirdi. Çünki savaşın ilk günündən Türkiyə Azərbaycana açıq şəkildə siyasi və mənəvi dəstəyini verdi. Deputat Sahib Alıyev bu məqama da toxunub: “Cənab prezident İranın ölkəmizlə sərhədində hərbi təlimlərə başlamasını cəmiyyətdə və bütövlükdə dünya azərbaycanlılarında narazılıq doğurduğunu dilə gətirdi. Və bu narazılığını bu təlimlər nə üçündür sualını hər bir azərbaycanlının prezidenti, lideri olan Müzəffər Ali Baş Komandan səsləndirirdi. İrandakı bəlli çevrələr anlamalıdırlar ki, Azərbaycanın o ölkəyə yanaşması necədir və onun qarşılığında bunların yeritdiyi siyasət nə qədər adekvatdır, nə qədər rosionaldır”.

 

Rusiya ilə əlaqələrə gəldikdə isə... Ölkə başçısı bildirdi ki, hər iki dövlət açıq şəkildə ortadakı problemlərlə bağlı dialoqlar aparırır, bu yöndə müəyyən addımlar atır və bütün bunlar əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu isə cənab prezidentin də vurğuladığı kimi onunla Rusiya dövlət başçısı arasındakı qarşılıqlı güvənin göstəricisidir.

    

Deputat Jalə Əliyeva isə Prezidentin çıxışı zamanı yaşanan duyğulu anlara toxundu: “Cənab Prezident Şuşaya səfəri zamanı Mehriban Xanım tərəfindən kameranın yaddaşına köçürülən həmin anları yada salarkən kövrəlir. Çünki həmin xatirələrdə 30 illik mübarizəmiz dayanır, bizim 30 illik haqqımız, ədalətimiz dayanır, 30 il ərzində bu ədalətin ikili standartlarla hərəkət edən ölkələr tərəfindən boğulması və görünməməsi dayanır. Bu mənzərənin arxasında 30 il bu əzablara düçar olmuş böyük bir qaçqın, köçkün ordusu dayanır”.

 

Cənab Prezidentin çıxışındakı digər bir önəmli detala nəzər salaq. Ölkə başçısı vurğuladı ki, Azərbaycan hələlik səbr və təmkin nümayiş etdirir. Amma bu səbrimizin həddi var və İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. İstəməzdik ki, bu yenidən baş versin. Çünki dəmir yumruq yerindədir.

 

 

 

İlahə Vəliyeva,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR