Prezidentin səfərindən sonra Gəncədə nələr dəyişəcək?

# 18:19
1 fevral 2022

Prezdent İlham Əliyev Gəncəyə 18-ci səfəri zamanı şəhərdə 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışında iştirak edib. Mərkəzin 4 mərtəbəli inzibati binası, transformator binası, qazanxana, su çəni, dekorativ hovuzlar, yerüstü 2 avtomobil dayanacağı, uşaq əyləncə binası meydanı yaradılıb.

Son vaxtlar istifadəyə verilən asan xidmətlərdə bir çox yeniliklərin şahidi oluruq. Yeni istifadəyə verilən asan xidmətdə bu küar kodlar vastəsi ilə vətəndaşlar ASAN xidmətlə bağlı istənilən məlumatları asanlıqla əldə edə bilərlər.

Dövlət Agentliyinin şöbə müdiri Elnur Niftəliyev deyir ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək: “Gəncədə ikinci “ASAN” xidmət mərkəzidir. Bu xidmət mərkəzimiz təxminən 1 milyon civarında vətəndaşımız əhatəsində yerləşən bir mərkəzdir. Bununla yanaşı qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlarımıza xidmət edəcək”.

Prezident İlham Əliyevin səfəri zamanı istifadəyə verilən Gəncə lokomotiv deposu dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihədir. Yeni inşa edilən depoda eyni anda 6 lokomotivə xidmət etmək üçün ikimərtəbəli platforma tikilib.

Yeni  istifadəyə verilən depoda cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək. Həmçinin lokomotiv fasiləsiz işləmə qabiliyyətinə malikdir.

Depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyir ki, yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur: “Azərbaycan dəmiryolları bu cür 50 ədəd lokomotiv sifariş vermişdi, artıq onların 46-sı  Azərbaycandadır. Onlardan 36 yük lokomotividir. 10 ədədi 2-li cərəyanla həm sabit həmdə cərəyanla işləyən sərnişin lokomotivləri ölkəmizə gətirilib”.

Ölkə başçısı səfər zamanı qeyd edib ki, bu gün əsas diqqət Qarabağa və Zəngəzura yönəlsə də, digər şəhərlər diqqətdən kənarda qalmayıb. Prezidentin sərəncamına əsasən, Gəncədə Dövlət Dram Teatrının tikintisinə başlanıb. Binada teatr zalı ilə yanaşı, teatr tarixi muzeyi də fəaliyyət göstərəcək.

İstifadəyə verilən Gəncə Dövlət Dram Teatrının 478 yerlik böyük tamaşaçı zalı, 22 yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı mövcuddur. Xatırladım ki ,Gəncə Dövlət Dram Teatrının təməli 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.

Gəncədə inşa edilən İdman Sarayı ölkədə demək olar ki, ən böyük idman saraylarından biridir. Ölkə başçısı səfəri zamanı Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə də yaxından tanış olub.

Bura Gəncə İdman Sarayın üzgüçülük zalıdır. Zalda 8 xəttdən ibarət üzgüçülük hovuzu inşa edilir. Onu da qeyd edim ki, burda gənclərin idmanla məğul olmaları üçün bütün şərait yaradılacaq.

Həmçinin prezident 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketin dağıtdığı ərazidə olub.

Vətən müharibəsində Ermənistan ordusu Gəncə şəhərini bir neçə dəfə müxtəlif təyinatlı raket qurğularından atəşə tutması nəticəsində 6 uşaq olmaqla 26 nəfər dinc sakin şəhid oldu. Şəhid olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün Prezident İlham Əliyev tərəfindən bu ərazidə Memorial Kompleksin təməli qoyulub.

Dövlət başçısına inşa ediləcək Memorial Kompleksin aypara şəkilində olacağı barədə məlumat verilib.

Memorial Kompleks böyük ərazini əhatə edəcək, təqribən dörd hektarda yaradılacaq.

Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR