Qardaş bacısı oğlunun qəbrini dağıdıb? - Bacının şok iddiaları

# 17:50
18 may 2022

Şirvan sakini Qonça Haxıəliyeva öz doğmaca qardaşını onun oğlunun məzar daşının dağıdılmasında ittiham edir.

APA TV-yə üz tutan müsahibimiz deyir ki, qardaşı ilə aralarındakı ədavət qardaşı qızı onun oğlundan ayrılandan sonra başlayıb. Qonça Haxıəliyevanın həyat yoldaşı Əfrayıl Nuriyev deyir ki, oğlu Qorxmazı 2021-ci ildə evləndirib və qaynı qızı Aytəni evinə gəlin gətirib. Oğlu Azyaşlı olduğundan aralarında rəsmi nikah olmayıb. Onların evliliyi 3 ay çəkib və qayını gəlib qızını aparıb. Ailənin iddiasına görə, qızı ilə birlikdə cehizi də aparan qohumlar, daha sonra məhkəmədə cehiz tələb ediblər.

Qonça Haxıliyeva deyir ki, yaranan düşmənçilik iki körpə məzarının - 1 yaşında vəfat edən oğlunun və nəvəsinin məzarlarının dağıdılmasına səbəb olub.

Ailə iddia edir ki, Qonça Haxıəliyevanın qardaşı Cəlil Haxıəliyev onları dəfələrlə hədələyib.

Ailə iki körpənin qəbiristanlıqdakı dağıdılmış məzarını görəndə polisə müraciət edib. Onların  iddiasına görə, şikayətlərinin araşdırılması istiqamətində heç bir iş görülmür.

Adı çəkilən Cəlil Haxıəliyevlə əlaqə saxladıq. O isə bildirdi ki, qızının cehizinə görə bacısı ilə aralarında problem yaşanıb. Amma məzar daşının dağıdılması ilə onun heç bir əlaqəsi yoxdur.

Hər iki tərəfi dinlədikdən sonra Şirvan Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov yazılı olaraq bizə bildirdi ki, Şirvan şəhər sakini Əfrayıl Nuriyev qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib. Daxil olmuş müraciətlə əlaqədar ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Hal-hazırda araşdırmalar davam etdirilir.

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR