Qaziyə 900 dollar verib onu TƏHQİR ETDİ

# 22:04
28 iyul 2022

Tanınmış aparıcı Azər Zahid gözdən əlil Qarabağ qazisi Amil Əliyevi təhqir edib. Belə ki,  o, qazilərlə görüşərək Tik-Tok sosial şəbəkə hesabından qazandığı puldan onların hər birinə 900 olmaqla, ümumilikdə 2700 dollar verib. Amma aparıcı pulu qazi Amil Əliyevə  təqdim edərkən ona, “sən onsuz da saya bilməyəcəksən” deyib.

 

Azər Zahidin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib. Daha sonra o, etdiyi hərəkətə görə qazi Amil Əliyevdən üzr istəyib.

 

Məsələyə münasibət bildirən Vətən Müharibəsi iştirakçısı Amil Əliyev isə baş verənlərin anlaşılmazlıq olduğunu deyir: “Mən onun dediyi sözü eşitməmişdim. Səhəri gün internetdə eşitdim. Anlaşılmazlıq olmuşdu, ona görə də üzr istədi”.

 

Amil Əliyev 2020-ci il sentyabrın 27-dən başlayan Vətən Müharibəsinin üçüncü günü, düşmən postuna çatmağa az qalmış minaya düşərək ağır yaralanıb və üç gün komada qalıb. Hər iki gözünü itirən 24 yaşlı gəncin ən böyük arzusu yenidən görməkdir: “Mən istəyirəm ki, heç olmasa bir gözüm əməliyyat olunsun ki, görüm. Azərbaycanda yoxdur, amma xarici ölkələrdə var. İstəyirəm ki, işıqlı dünyaya baxım”.

 

Amil Əliyevin müalicəsinin mümkün olub-olmadığını aydınlaşdırmaq üçün “YAŞAT” Fondu ilə əlaqə saxladıq. İlk olaraq bildirildi ki, Müharibə əlilli Əliyev Amil Faiq oğluna məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətləri üzrə yardım edilib. Belə ki, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2021-ci ilin 18 mart və 24 sentyabr tarixlərində ümumilikdə 5000 AZN vəsait onun bank hesabına köçürülüb. Eyni zamanda şəxs İsrail dövlətindən dəvət olunan həkim heyəti tərəfindən müayinə də edilib. Müayinənin nəticələri isə Fond tərəfindən dəqiqləşdirilərək müəyyən müddət sonra açıqlanacaq.

 

Digər məsələ isə gözdən əlil qazinin dövlət tərəfindən verilən avtomobili idarə edə bilməməsidir. Amil Əliyev deyir ki, həmin avtomobildən istifadə etmək üçün ona sürücü lazımdır: “Dövlətimiz məni maşınla təmin edib. İndi mənə sürücü lazımdır. Amma mənim pensiyamla alınmır ona maaş vermək”.

 

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə bu problemin  həllinin mümkün olduğunu deyir: “Avtomobillə təmin edilən müharibə əlili onu idarə etməkdə çətinlik çəkdiyi halda onunla bir ünvanda yaşayan ailə üzvünün avtomobili idarə etməsi üçün etibarnamə verilməsi mümkündür. Bunun üçün Agentliyimizə müraciət edə bilər”.

 

Yeri gəlmişkən qeyd edək ki, Amil Əliyev dövlət tərəfindən evlə də təmin olunub.

 

Belə, Vətən uğrunda gözünün nurunu qurban verən qazimizin bu problemi həllini tapacaq. Arzu edək ki, onun digər arzusu, dünyaya işıqlı gözlə baxmaq istəyi də ürəyində qalmasın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR