Qoyunları yemləyərkən dərs oxuyan məktəbli – APA TV

# 07:10
27 sentyabr 2023

Bu gün maraqlı bir fotosu ilə sosial şəbəkələrdə ölkənin gündəmində oldu. Söhbət Samux rayonun Çobanabdallı kənd sakini, Həsən bəy Zərdabi adına tam orta məktəbin 6-cı sinif şagirdi Arzu Qədimovdan gedir.

APA TV-nin çəkiliş qrupu Arzunun təhsil aldığı məktəbdə olub. Məktəb direktoru söhbət zamanı bildirdi ki, Arzu məktəbin nümunəvi şagirdlərindən biridir. Direktor, həmçinin qeyd etdi ki, fotosu ilə məşhurlaşan məktəbli çox istedadlı şagirddir. 11 yaşlı məktəblinin maraqlı fotosu sentyabrın 24-ü yaşadığı Çobanabdallı kəndində yerləşən həyətlərində qoyunları yemləyən zaman çəkilib. Fotoya baxanda aydın olur ki məktəbli qoyunları otararkən dərslərini də oxuyur.

Anasının sözlərinə görə Arzu dərsi hər şeydən üstün tutur, o, hər fürsətdə kitab oxumağa çalışır. Yəni, qoyunlarını yemləyərkən dərslərini oxuması adi haldır. Ona görə də fotonun bu qədər maraq yaradacağını gözləmədiklərini deyir. Çəkiliş zamanı balaca qəhrəmanımızla bir az söhbətləşdik. Söhbət əsasında məlum oldu ki, foto çəkiləndə onun xəbəri olmayıb. Məktəbli deyir ki, foto çəkilən zaman inşa mətni oxuyurdum.

Qeyd edək ki, Həsən bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Arzu Qədimov Lütfizadə adına məntiq olimpiadasında Samux rayon birincisi olub.

Fuad Nazimoğlu,

APA TV - Samux

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR