Qripsənsə, gəl, şəkərsənsə, yox: Belə tibbi sığorta paketi olar?

# 20:02
30 avqust 2023

 Azərbaycanda bütün ölkə ərazisində vətəndaşların İcbari Tibbi Sığorta xidmətindən yararlanma hüququ olsa da, təəssüf ki, hazırda xidmətlər paketinə bütün xəstəliklər deyil, cəmi 3315 tibbi xidmət növü daxildir. Məsələn, onkoloji, şəkər, vərəm, qısırlıq və qan xəstəlikləri kimi geniş yayılmış bəlalara düçar olduqda icbari tibbi sığorta paketi köməyimizə çatmır. Bu kimi xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməməsi vətəndaşlara hansı əngəlləri yaradır? “onkoloji xəstələr çox pul tökürlər adi kimyalarin özləri çox bahadi. Əlbəttəki bütün bunlar icbari ilə olsa çox yaxşı olar.” Həkim Aydın Əliyev də deyir ki, onkoloji, qan, şəkər kimi xəstəliklər bütün dünyada geniş yayılıb. Azərbaycanda bu xəstəliklərin müayinə və müalicəsi həddindən artıq bahalı olduğundan vətəndaşlar əziyyət çəkirlər. Buna görə də adıçəkilən xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsi mütləqdir. Bundan başqa, bəzi əməliyyatlar var ki, onlar İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olsalar da, limit tətbiq edilir. Tibbi jurnalist Aygün Musayeva bildirir ki, Türkiyədə ən bahalı klinikalarda icbari tibbi sığortayla ən ağır, nadir əməliyyatları icra edirlər. Bizdə isə bu kimi əməliyyatlar ya xidmətlər paketinə daxil deyil, ya da konkret sayladır. Məsələn, bir ildə 15-20 nəfər bu xidmətdən yararlana bilər. Bundan başqa, ölkəmizdə süni mayalanma kimi bahalı və çox ehtiyac olan prosedur sığotaya daxil edilmir. İcbari Tibbi Sığorta Agentliyindən isə bildirildi ki Xidmətlər Zərfində daha çox geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, həyatı vacib, dəyəri yüksək olan əməliyyatların icbari tibbi sığorta təminatına alınması nəzərə alınıb. Buna görə də süni mayalanma zərfə daxil edilməyib. Cari ilin avqust ayında icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılaraq qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları da əlavə olunub. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bundan başqa agentlikdən bildirildi ki, vərəm, şəkərli diabet, onkoloji xəstəliklərin müayinə və müalicəsi dövlət proqramları çərçivəsində dövlət hesabına ödənişsiz aparılır. Psixi pozuntu vəziyyətində olan və psixiatriya yardımına ehtiyacı olan vətəndaşlar isə müayinə və ya müalicə məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş psixiatriya müəssisəsinə müraciət etməlidirlər. Qeyd etdiyimiz kimi, cəmiyyətdə geniş yayılmış sözügedən xəstəliklər icbari tibbi sığorta paketinə daxil edilmədiyi üçün agentlik yazılı şəkildə televiziyamıza bu şəkildə açıqlama verdi. Şəhər sakinləri və söhbətləşdiyimiz hər iki ekspert bu xəstəliklərin dövlət proqramları çərçivəsində effektsiz həyata keçirildiyini bildirir. Qeyd edək ki, dünya təcrübəsində də olduğu kimi prinsipcə bütün xəstəliklərin müayinə və müalicəsi İcbari Tibbi Sığorta Agentliyi tərəfindən qarşılanmalıdır. AYNUR QARA KAMRAN NAMAZOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR