Qutabın, kababın dadına dad qatan sumaq necə hazırlanır?

# 16:57
12 avqust 2023

 

Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamlarda istifadə olunan sumaq avqust ayında toplanır. Bu ağacın meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlinir. Bu ərazidəki Kələnov kəndinin sakini Müslüm Həlimov uzun illərdir ki, yabanı halda bitən bitkinin meyvələrini toplayaraq gəlir əldə etdiyini deyir. Bitki yığıldıqdan sonra qurudulur. Daha sonra isə döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün həmin meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir. Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 30 manata, stəkanı isə 3 manata satılır. 250-yə yaxın növü olan sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, İsmayıllı, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir. Vəli Turan, Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR