Rəmiş son mənzilə yola salındı

# 17:01
6 aprel 2021

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla vida mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər, xalq artistinin dostları da  qatılıb. 1 saylı klinik tibbi mərkəzin həyətində Rəmiş üçün camaat namazı qılınıb. Mərhumun ruhuna dualar oxunub.

 

Daha sonra xalq artistinin nəşi dəfn olunmaq üçün Qaradağ rayon ümum şəhər qəbiristanlığına gətirildi. Hər zövqə uyğun musiqiləri ilə zövqləri oxşamağı bacaran Rəmiş doğulduğu Ağdam rayonunun işğaldan azad edilmə xəbərinə sevinsə də, təəssüf ki ağır xəstəliyi onun vətəninə dönmək arzusunu yarımçıq qoydu.

 

Milli musiqilərimizin peşəkar ifaçısı, onu sevənlərin Rəmiş kimi tanıdığı Rafiq Hüseynov   bu gün ümumşəhər qəbiristanlığında torpağa tapşırıldı.  Özü həyatda olmasa belə, ifa etdiyi yüzlərlə musiqi insanların qəlbində əbədi yaşayacaq.

 

Fərqli saç, fərqli geyim üslubları bəlkə də sənəti qədər insanlarda maraq yaradan sənətkar dəyişkən xarakteri ilə də hər zaman diqqət mərkəzində olmağı bacarıb.  Dostları onun yoxluğu ilə barışmaq istəmədiklərini bildirib.

 

Qeyd edək ki, Rafiq  Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub. Onun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. Yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilsə də ötən gün dünyasını dəyişib.

 

Allah rəhmət eləsin!

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR