Rusiyalı deputat: “Ağdamda nüvə silahının partlaması təəssüratı yaranır”

# 15:59
5 may 2021

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ağdama səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, rusiyalı deputat Ağdan Cümə məscidində olub.

 

Qonağa ermənilərin işğal müddətində məscidə vurduğu ziyan, ümumilikdə isə Ağdam rayonunda törətdiyi vandallıq əməlləri və vəhşiliklər barədə ətraflı məlumat verilib.

 

Qonaq həmçinin “İmarət” kompleksi ilə tanış olub, ermənilərin burada törətdiyi dağıntıları gözləri ilə görüb.

 

D. Savelyevə məlumat verilib ki, Qarabağ xanlığının banisi, Şuşa şəhərinin qurucusu Pənahəli xan və digər Qarabağ xanları, habelə xan qızı Xurşidbanu Natəvan bu kompleksdə dəfn olunub.

 

Rusiyalı deputat Ağdam Çörək Muzeyinin binasının dağıntıları ilə də tanış olub: “Bütün SSRİ-də yeganə məşhur çörək muzeyi Ağdamda olub, ondan yalnız bu qalıqlar qalıb. Biz dağıdılmış xəstəxana, doğum evi, mədəniyyət evi, teatrı gördük, bu, dəhşətlidir. Bu, nifrətin izləridir. Mən bu qədər dəhşətli kadrları görəcəyimi gözləmirdim. Bu, məni dərindən sarsıtdı. İşğalçılar 30 il ərzində bu torpaqların onların əraziləri olduğunu bəyan ediblər. Əgər buranı öz əraziləri sayırdılarsa, nə üçün hər şeyi dağıdıb, faktiki məhv ediblər? Bura baxanda nüvə silahının partlaması təəssüratı yaranır. Dağıdılmış qəbirlər… Burada gördüklərimiz barədə sakit danışmaq ağırdır. Mən əminəm ki, illər keçəcək, burada yeni, müasir şəhər olacaq, işğalçılar bu torpaqları işğal edərkən buranı tərk etmiş sakinlər geri qayıdacaq. Burada uşaqlar dünyaya göz açaraq böyüyəcək, yeni küçələrdə uşaqların gülüşləri eşidiləcək”.

 

Qonaq “İmarət” kompleksində törədilmiş erməni vandalizmi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, ermənilər işğal müddətində “İmarət”də yerləşən məzarları, türbələri dağıdıb, ərazidə yerləşən tarixi abidələri talan edib, oğurlayıblar. Rusiyalı deputat Ağdamda gördüklərini hərbi cinayət adlandırıb: “Mən sabah Rusiyaya qayıdacam. Sözsüz ki, burada gördüklərim barədə Dövlət Dumasındakı həmkarlarıma danışacam. Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Aydındır ki, bu minalar vaxtilə bu ərazini tərk etməyə məcbur olmuş insanların geri qayıtmasına mane olur. Bu addım açıq formada Ermənistan siyasi rəhbərliyindəkilərin əhval-ruhiyyəsini göstərir. Müharibə qurtarıb, əraziləri bərpa etmək, sülh şəraitində yaşamaq lazımdır. Ermənistanın iqtisadiyyatına baxın, insanlar ölkəni tərk edir, belə getsə, bu ölkədə heç kim qalmayacaq. İşğalla əlaqədar Ermənistan blokada vəziyyətində olub. İndi iqtisadi əməkdaşlığı inkişaf etdirmək, bu ərazilərdə həyatı yenidən dirçəltmək lazımdır. Buna görə də Ermənistandan konstruktiv sağlam addımlar gözləyirik. Bu ərazilərin hamısı minalardan təmizlənməlidir. Bu gün Ağdamda gördüklərim hərbi cinayətdir”.

 

Dmitri Savelyev işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Şəhidlər xiyabanında olub. Qonaq Şəhidlər xiyabanında məzarların ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasını gözləri ilə görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR