Rusiyaya gediş-gəliş daha da asanlaşdı

# 18:44
17 mart 2023

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinin açılış mərasimi olub.

 

Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak edib.

 

İlk olaraq Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub.

 

Daha sonra heyət üzvlərinə məlumat verilib ki, layihənin ümumi sahəsi 6.85 hektar, yaşıllıq əraziləri 3331.7 m2, tikililərin sahəsi 20104.23 m2, buraxılış məntəqəsinin sahəsi isə 22000 m2-dir.

 

Açılış mərasimində çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiya Federasiyası ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, nəticədə ötən il ticarət dövriyyəsinin 3.7 milyard dollara çatdığını bildirib. O, “Xanoba” məntəqəsinin yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli şəkildə tənzimlənməsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

 

“Mən çox şadam ki, Azərbaycan-Rusiya sərhədində müasir tələblərə cavab verən, rahat bir keçid məntəqəsi insanların istifadəsinə verilib”.

Bu sözləri isə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. O bildirib ki, bu keçid məntəqəsi Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən vacib elementidir və Pakistandan, Hindistandan gələn yüklərin İrandan, Azərbaycandan keçməklə Rusiyaya effektiv, fasiləsiz getməsinə xidmət edəcək.

 

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə beynəlxalq standartlara uyğun şəkildə inşa edilən, Şimal-Cənub dəhlizi üzərində yerləşən “Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinin hər iki ölkənin idxal-ixrac imkanlarını daha da genişləndirəcəyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, “Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin keçidi nəzərdə tutulub.

 

Xatırladaq ki, buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən həyata keçirilib.

 

 

VƏLİ TURAN

RİZVAN HACIYEV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR