Sabirabadlı gəlinin müəmmalı ölümü: bağlanan iş yenidən açıldı - ŞOK İDDİALAR

# 13:47
31 yanvar 2023

İki il əvvəl-aprelin 24-də Sabirabad rayonunun Cavad kəndində gəlinin müəmmalı ölümü baş verir. Rayonun Əlicanlı kəndindən qonşu Cavad kəndinə gəlin köçən 20 yaşlı Zeynalova Səmayə Xalid qızı həmin həyətdə nar ağacından asılı vəziyyətdə ölü tapılır.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılır, istintaq aparılır və bir müddət sonra hadisənin intihar olduğu qənaətinə gəlinir və cinayət işinə xitam verilir.

Səmayənin valideynləri istintaqın şəffaflığından narazı qalırlar və uzun sürən get-gəllərdən sonra işin yenidən baxılmasına nail olublar.

Valideynlərin iddiasına görə, Səmayə intihar etməyib onu qətlə yetiriblər.

Ölümündən qabaq Səmayə Bakıda yaşayan bacısına Whatsapp-da səs atır. Bu səsi ölümündən 40 dəqiqə əvvəl bacısına yolladığı son səsi olur. Ailəsi deyir ki, bu səs heç də intihara hazırlaşan adamın səs tonuna oxşamır.

Digər bir diqqət çəkən məqam onun özünü kövrək olan nar ağacından asması idi ki, bu da ağlabatan görünmür. Valideynlər bildirir ki, meyitin boğazındakı kəndir izi şaquli vəziyyətdə asılmış kəndir izinə oxşamırdı. Həmçinin meyitin bədən və baş nahiyəsində xəsarət izlərinin olması hadisənin intihar olmaması şübhələrini artırır.

Valideynlər iddia edirlər ki, ilk dəfə qarşı tərəf onların müqavilə imzaladığı vəkili ələ alıblar. Vəkil qarşı tərəfin maraqlarına xidmət edib. Sonradan o vəkildən imtina edilib. İndi isə yeni vəkil- Samir Zeynalovla müqavilə imzalanıb.

Valideynlər bildirir ki, qızları sevdiyi adamla evlənib. Bəlkə də məhz bu səbəbdən evdə yaşanan problemləri ailəsinə vaxtında bildirməyib. Atası bildirir ki, qızının ölüm xəbərini eşidən zaman onu infarkt vurub və xəstəxanaya yerləşdirilib. 

Səmayənin gəlin köçdüyü ailə ilə əlaqə saxladıq, açıqlama almağa çalışsaq da ailə üzvləri çəkilişə razılıq vermədi.

Sadalanan iddialarla bağlı Baş prokurorluqla əlaqə saxladıq. Baş prokurorluqdan  bildirildi ki, qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq Sabirabad rayon prokurorluğu tərəfindən davam etdirilir.

Qeyd edək ki, mərhum Səmayənin 2 yaşlı Əlişirin adlı oğlu qalıb. Uşaq atası Eldar Quliyevlə ilə yaşayır. Artıq 2 ildir uşaq nə ana nənəsini, nə də ana babasını görmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR