Şahbuzun bu kəndini iki hissəyə bölən çayın üzərində körpü yoxdur

# 15:50
24 may 2023

Şahbuz rayonunun Külüs kəndinin sakinləri körpü ilə bağlı problem yaşayır. Kəndi ikiyə bölən Keçili çayının üzərində körpü əvəzinə balaca bir dəmir parçası var. Problemdən daha çox 4 ailə əziyyət çəkir. Çünki kənddə məktəb və digər bütün lazımı obyektlər çayın bir tərəfində, həmin 4 ailə isə digər tərəfində qalır.

Uzun illərdi yataq xəstəsi olan Dilavər Quliyev deyir ki, evlərinə təcili tibbi yardım maşını çağırsalar da, həkimlər evə qədər gəlib çıxa bilmirlər. Çünki çay üzərində olan körpü maşınların hərəkəti üçün əlverişli deyil.

Sakinlər hər gün səhər uşaqları məktəbə aparır, günorta isə uşaqları körpü başında qarşılayırlar. Vətəndaşlar deyir ki, öz hesablarına tikilən körpü elə birinci seldən sonra dağılıb, sonradan yenidən dəmir parçası ilə əvəz olunub.

Sakinlər bildirirlər ki, onlar bu problemlə bağlı rayon icra hakimiyyətinə müraciət etsələr də, problemin həlli üçün heç bir addım atılmayıb.

Məsələ ilə bağlı Şahbuz rayon icra hakimiyyətindən bildirildi ki, çəkilişimizdən sonra əraziyə baxış keçirilib və problem yaxın vaxtlarda həllini tapacaq.

İndi sakinlər ümid dolu gözlərlə məsələnin həllini tapacağı günü gözləyən sakinlərin bircə arzusu var – körpü düzələnə kimi kəndə sel gəlməsin. Əks-təqdirdə bu evlərə nəinki avtomobil, heç adam da gedib-gələ bilməyəcək.

 

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR