Şamaxıda çay daşdı kəndlərlə nəqliyyat əlaqəsi kəsildi

# 20:24
10 may 2022

Şamaxı rayonunda bir necə  gündür ki, yağan leysan yağışları və dolu bir sıra fəsadlara yol açıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, son günlər yağan yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi artaraq öz məcrasından çıxıb. Nəticədə Şamaxı şəhərinin dağlıq ərazidə yerləşən bir neçə kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Məlumata görə güclü leysan yağışları Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qaladərəsi kəndlərində bir sıra fəsadlar törədib. Qaleybuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu dağıdıb. Ərazidə körpü olmadığı üçün onlarla sürücü yolda qalıb, kəndlərə gediş-gəliş dayanıb.

 

Güclü sel suları çayın məcrasından çıxmasına, çay yatağının genişlənməsinə səbəb olub. Bu da kənddə torpaq sürüşməsinə və yolların çökməsinə səbəb olub.

 

Həmişə çayın içərisindən keçərək hərəkət edən sakinlər 2 gündür ki, suyun çoxluğu səbəbindən bir tərəfdən digər tərəfə keçə bilmədikləri üçün gecələr öz  avtomobillərində yataraq suyun səviyyəsinin aşağı düşməsini gözləmək məcburiyyətində qalırlar.

 

Bu gün günorta saatlarından sonra əraziyə canlı qüvvə və  texnikalar cəlb olunub, hal-hazırda kəndlərə gediş gəlişin təmin olunması üçün işlər görülür.

 

Sel suları həmçinin kənd ərazisindən keçən elektrik dirəklərini aşırıb, qaz borularını qoparıb, kənd sakinlərinə məxsus təsərrüfatlara ciddi ziyan dəyib.

 

Qeyd edək ki, hal-hazırda Şamaxı rayonunda güclü leysan yağışı davam edir.

 

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR