Şəhid ailələri ilə görüş keçirildi

# 12:11
28 iyun 2022

25-30 iyun tarixlərində Qəbələdə 60 nəfər şəhid övladının iştirakı ilə Fövqəladə Hallar, Təhsil, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsi keçirilir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbir çərçivəsində Silahlı Qüvvələr Günü münasibətilə Qəbələ rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.

 

Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbirdə çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğunu, milli hərbi kadrların hazırlanmasını, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxladığını vurğulayıblar. Qeyd olunub ki, bu mütərəqqi siyasət dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

 

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

 

Tədbirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub. Həmçinin, şəhid Cabbarzadə Məmmədiyə Məhəmməd oğlunun övladı Cabbarzadə Əlinin doğum günü münasibəti ilə tort kəsilib və hədiyyə təqdim olunub.
 

Daha sonra tədbir milli vətənpərvərlik ruhunda konsert proqramı ilə davam etdirilib.
 

Şahnəzər Bəşirov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR