Şəhid anası ilə bağlı videonu araşdıran jurnalistləri 3 saat bağlı yerdə saxlayıblar - TƏFƏRRÜATLAR

# 18:50
21 dekabr 2021

Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb.

APA TV-nin əməkdaşları hadisənin təfərrüatını araşdırıb. Müxbirimiz əvvəlcə baş verən qarşıdurma zamanı xəsarət alan və hazırda Gəncə şəhərindəki xəstəxanada müalicə edilən icra nümayəndəsi və qohumu ilə görüşüb. İcra nümayəndəsi hadisə barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, Sevda Şıxıyeva, həyat yoldaşı Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev, bacısı oğlu və digər şəxslərlə birgə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasına hücum ediblər. Lalə Cəfərovanı döyərək ona bədən xəsarəti və kəllə-beyin travması yetiriblər.

İnsident zamanı Lalə Cəfərovanın qohumu Daşqın Cəfərov ona kömək etmək istəyərkən ağır bədən xəsarətləri alıb. Nəticədə Daşqın Cəfərov göz nahiyəsindən ciddi yaralanıb.

Əməkdaşlarımız bundan sonra hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Daşkəsənin Dəstafur kəndinə gediblər.

Sevda xanımla müsahibə zamanı ondan döyülmə hadisəsinin necə baş verdiyini danışmasını xahiş ediblər. Sevda Şıxıyeva bildirib ki, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərovanı şəhidin dəfninə və yas mərasiminə gəlmədiyi üçün döyüb. Buna görə də Lalə Cəfərovanın kənddə icra nümayəndəsi işləməsini istəmir.

Sevda Şıxıyeva icra nümayəndəsini maşına qoşub sürüməsi barədə məsələyə də aydınlıq gətirib.

Təxmin 25 dəqiqə çəkən söhbətdən sonra əməkdaşlarımız çəkilişi yekunlaşdıraraq evdən ayrılmaq istəyiblər. Bu zaman ailə üzvləri icra hakimiyyətinin əməkdaşının və jurnalistlərin evdən çıxmasına mane olublar. Sevda Şıxıyeva yola açılan hər iki qapını qıfıllayıb, onları 3 saata yaxın evdən buraxmayıb.

Kəndin girişində Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən qarşılanan əməkdaşlarımız Daşkəsən RİH- in şöbə müdirinin müavini Elmar Əliyevlə də söhbət edib. Elmar Əliyev bildirib ki, Sevda Şıxıyevanın Lalə Cəfərova ilə arasında yaşananların tam başqa səbəbləri var.

Hazırda faktla bağlı Daşkəsən rayon Polis Şöbəsindən araşdırma başlanılıb.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Daşkəsən

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR