Şəhid haqqında film çəkildi

# 18:24
19 oktyabr 2021

Bu gün Vətən Müharibəsi qəhrəmanı Sübhan Cəbrayılovun şəhadətə yüksəldiyi gündür. APA TV-nin yerli bürosu xəbər verir ki, bu münasibətlə onun doğulub boya-başa çatdığı Salyan rayonunun Marışlı kəndindəki evinin önündə xatirə lövhəsinin açılış mərasimi keçirilib. Mərasimində şəhidin yaxınları, icra hakimiyyətinin nümayəndələri, döyüş yoldaşları, oxuduğu məktəbin müəllimləri və şəhid valideynləri iştirak edib.

Daha sonra Salyan rayonu Heydər Əliyev mərkəzində Sübhan Cəbrayılov haqqında çəkilən sənədli filmin təqdimatı keçirilib. 40 dəqiqəlik sənədli film Sübhan Cəbrayılovun keçdiyi həyat və döyüş yoluna həsr olunub. Filimin ərsəyə gəlməsində layihə rəhbəri olan Bahadır Seyidov qeyd edib ki, əvvəlcə şəhidimiz haqqında 5 dəqiqəlik süjet hazırlamaq nəzərdə tutulub. Sonradan məlum olub ki, şəhidin qəhrəmanlığını 5 dəqiqəlik süşetdə əks etdirmək mümkün olmayacaq. Sonda 40 dəqiqəlik film hazırlanıb. Filimdə Sübhanın dostlarının, döyüş yoldaşlarının, yaxınlarının Sübhanla bağlı xatirələri öz əksini tapıb.

Filmin layihə rəhbəri Bahadır Seyidov filmin necə ərsəyə gəlməsindən danışıb: “Təbii ki, vətən müharibəsi qəhrəmanları haqqında bizim məlumatımız var idi. Müxtəlif mənbələrdən  məlumatlar  alırdıq. Aldığımız müsahibələr və onun haqqında danışılanlar baxdıq ki, bir süjetə sığmayacaq hətta bizim sənədli filmimizdə şəhidimiz haqqında çox cüzi məlumat vermişik. Onun şücaəti haqqında dastanlar yazmaq olar, bədii filmlər çəkilməlidir. Biz də balaca bir iş görmüşük. Vətən müharibəsi qəhrəmanlarını, döyüş yoldaşlarını danışdırmışıq şəhidimizin döyüş kadrlarından istifadə etmişik. 40 dəqiqəlik sənədli film ərsəyə gətirmişik. Şəhidimizi tam ifadə edə bilməmişik. Uğurları qəhrəmanlıqları həddindən artıq çoxdur. Və bilinməyən qəhrəmanlıqları da var…”

Filmin nümayişindən sonra icra hakimiyyətinin başçısı, milli məclisin deputatları və şəhid valideynləri  çıxışlar ediblər. Sonda Salyan Kukla teatrından hazırlanan tamaşa göstərilib. 

Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub.

2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Vətən Müharibəsində Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın, Qubadlının azad olunmasında iştirak edib.

"Cəbi" ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhid Sübhan Cəbrayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR