Şəhid Rəşad Quliyevin anası: “İstərdim oğlumla gəzim buraları”

# 16:45
30 sentyabr 2021

Vətən Müharibəsi şəhidlərinin valideynləri və övladları ilə bu dəfə Şuşada görüşdük.

Şuşa şəhər Dövlət Qoruğu, Fire Land produstion və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Şuşada olan şəhid ailələri ilə İsa bulağındakı çəkilişimiz zamanı qarşılaşdıq.

Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş əksər şəhid valideynlərini və övladlarını tanıdığımızdan gəlişlərinin məqsədi ilə maraqlandıq.

Ömrünün 22 ilini Vətənə xidmətə həsr etmiş şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası da ziyarətçilər arasında idi.

Müsahibə almaq istədiyimizi görüb ayaq saxladı: “Ötən il avqustun 3-də təqaüdə çıxmalı idi. Gözlədik, ərizəsini yazmadı. Dedi ana Vətənin dar günüdür. İşinə görə hələ bir dəfə də olsun, ailə məclislərimizə qatıla bilməmişdi. Ömrünü Vətənə xidmətə həsr eləmişdi. Atasının vəsiyyəti ilə hərbçi olub. Qürur duyuram ki, vətənə layiqli övladlardan oldu. Mən həmişə balamla fəxr eləmişdim, indi də fəxr edirəm, qürurlanıram ki, belə qəhrəman övladım olub. Şuşaya ilk səfərimdir. İstərdim oğlumla gəzim buraları, amma bilirəm ki, onun ruhu mənimlədir. Ruhu şad olsun ki, torpaqlarımız alınıb, bizim vətənpərvər oğullarımızın sayəsində Şuşa azad olundu. Rəşad da, əsgərlərinə ata və qardaş olub. Döyüşlərdə də ardımca deyib, irəli deməyib. İndi də əsgərlərinin Rəşad haqqında dediyi sözlər məni bir ana kimi qürurlandırır. Oğlum aprel döyüşlərinin də iştirakçıları olub, fəxri fərmanları var. Murovdağ, Lələtəpə uğrundakı döyüşlərə qatılmışdı. Vətən Müharibəsi  zamanı Füzuli və Cəbrayıl istiqamətindəki oktyabrın 7-də şəhid olub.

Həm kədərlənirəm, həm də sevinirəm ki, balam Vətən uğrunda sipər edib canını.  Azərbaycanımızı azad firavan görmək istəyirəm. Allah bundan sonra bizim xalqımıza peşmançılıq verməsin. Allah cənab Prezident İlham Əliyevi qorusun, ordumuzun başında durur, Ali Baş Komandana allah can sağlığı versin. Şükür bu günümüzə”.

Çəkilişə göstərdiyi dəstəyə görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə və Daxili İşlər Nazirliyinə təşəkkür edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR