Sel suları Şəki və Oğuzda fəsadlara səbəb oldu

# 19:11
30 avqust 2023

 Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsində güclü yağış və leysanla müşayiət olunub. Leysan yağışları Oğuzla Şəkinin sərhəd kəndlərində bir sıra ciddi fəsadlar törədib. Şəkinin eyni adlı Şəki kəndində isə suvarma kanalının daşması nəticəsində 150-yə yaxın təsərrüfata ziyan dəyib. Şəki rayonunun Cəyirli və Şəki kəndlərinə yaxın dağlıq ərazilərə güclü yağış yağması nəticəsində ərazidən keçən Əlicançayda suyun səviyyəsi qalxıb. Bu zaman çayın qollarının axdığı suvarma kanallarında da daşqın əmələ gəlib və Şəki kəndi sel-suları altında qalıb. Sakinlər lilli suların daha çox təsərrüfatlara və ərzaq məhsullarına ziyan vurduğunu deyir. Kəndin yerli icra və bələdiyyə orqanlarının əməkdaşları tərəfindən sakinlərə dəyən zərərin miqdarını müəyyən etmək üçün komissiya yaradılıb. Suvarma kanalının daşması ilə bağlı Şəki Suvarma sistemləri idarəsindən bildirildi ki, həmin kanal 6 kəndə xidmət edir və su tutumu 1.5 kubmetrdir. Lakin sel-suların çoxalması nəticəsində kanalda suyun səviyyəsi 10 kubmetrə kimi qalxdığından isnad divarları tab gətirməyərək dağılıb. Hazırda Cəyirli və Şəki kəndləri ərazilərində həmin suvarma kanallarında təmir-bərpa işlərinə başlanılıb. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR