Selcuk Bayraktar Bakıda: Qeyri-adi festival başlayır

# 17:44
7 fevral 2022

Bu ilin 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına dair mətbuat konfransı keçirilib.


APA TV xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.


“TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyir ki, Türkiyənin bir çox bölgəsində “TEKNOFEST” festivalını təşkil etdikdən sonra xarici ölkələrdən təkliflər gəlməyə başlayıb: “Biz də ilk olaraq bu festivalı Azərbaycanda reallaşdırdıq. 17 fevrala qədər hər kəs öz qrupunu yaradaraq, bu festivala daxil ola bilər. Gələcəyin güclü Azərbaycanının qurulmasında siz də iştiak edin.

 

Azərbaycanın ev sahibliyi edəcəyi “TEXNOFEST Azərbaycan” böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun tədbirlərlə zəngin olacaq. 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçiriləcək festival türkiyəli və azərbaycanlı pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu cür layihələr gənc startapçıların inkişafında böyük köməklik göstərir, ideyalarının reallaşmasına şərait yaradır: ”Günü-gündən gənclərimizin texnoloji sahələrə marağı artır. Bu səbəbdən gənclərimiz üçün yaradılan “TEXNOFEST Azərbaycan” kimi təşəbbüslər bizlərə çox köməklik gösətərəcək”.


Xatırladaq ki, İstanbulda keçirilmiş “TEKNOFEST 2021”in Azərbaycan Pavilyonunda 11 startapımız nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.


Semral Cavad,

Fariz Quluyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR