“Sən gəlməz oldun” mahnısı hansı qadına həsr olunub?

# 13:49
4 dekabr 2021

 ”Sən gəlməz oldun”. Gəlin etiraf edək ki, bu mahnını hissiz, duyğusuz dinləmək mümkün deyil. Bu musiqi səslənər səslənməz harada, hansı əhvalda olmağımızdan asılı olmayaraq qəribə bir hüzn çökür üstümüzə. Çünki mahnının yaranmasının ağrılı bir tarixçəsi var”

 

Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev deyir ki, bir əmisi oğlu var: “Həyat yoldaşı xərçəng xəstəsi idi, dünyasını dəyişdi. Cavan, gözəl qadın idi, adı Sevda idi. Bir övladı qalmışdı. Onun yas mərasimində mənim atam da iştirak edirdi. Onun tabutu çıxarılanda atama çox pis təsir etdi. Onun tabutu, şəkli, bütün bunlar atamı sarsıtdığından, orada axıra qədər qala bilmədi. Gözəl qadın, cavan gəlin... Uşaq anasız qaldı, qardaşı oğlu yoldaşsız qaldı. Bütün bunlar atama təsir etdi. Evə qayıdanda Mədinə Gülgünün sözlərinə müraciət etdi və bu mahnı yarandı”.

 

Dahi bəstəkar, notlara köçürdüyü hər bir musiqisi ilə bu gün də qəlblərdə yaşayan Ələkbər Tağıyevin  1973-cü ildə bəstələdiyi bu mahnı, ilk dəfə Zeynəb Xanlarovanın ifasında dinləyiciləri ilə qovuşur: “Qayəsi hüznlə yoğrulan mahnı səsləndiyi ilk gündən dinləyicilərin qəlbinə yol tapır. Mahnıya ard-arda Məmmədbağır Bağırzadə, Gülarə Əliyeva və başqaları müraciət edirlər. 1977-ci ildə isə “Sən gəlməz oldun” xalq artisti Nisə Qasımovanın ifasında səslənir”.

 

2013-cü ildə Faiq Ağayev özünəməxsus ifası ilə mahnıya yeni rəng qatır. Kifayət qədər məşhurluq tapan mahnı müasir oranjimanda, klarnetin səsi ilə, Faiqin ifasında yenidən doğulur.

 

Ruhumuza xitab edən, hər səsləndiyində sanki yeni eşidirmişcəsinə dinlədiyimiz bu mahnının şöhrəti ölkə sərhədlərini aşmağa başlayır. Musiqiçi, balaban ifaçısı Əlixan Səmədov Azərbaycan musiqisinin incəliyini, məlahətini, dəyərini, məhz bu mahnı vasitəsilə bütün dünyaya bəyan edir. O, Türkiyənin böyük səhnələrində çıxış edərək, bütün dünyanı balabanın ifasında “Sən gəlməz oldun” möcüzəsi ilə silkələyir.

 

Xaliq Tağıyevin sözlərinə görə bu mahnı Türkiyədə də, Avropa ölkələrində də çox oxunub: “Bu mahnının ikinci dəfə həyata gəlməsinin, yaşamasının səbəbkarı Əlixan Səmədovdur. Bunu qeyd etmək mütləqdir. Mən çox sevindim ki, bu yaxınlarda Əlixan Səmədov bu mahnını Cıdır düzündə ifa etdi”.

 

“ƏN ümdə bacarıqları oğurluq olan ermənilər Sən gəlməz oldun mahnısının parlaq taleyindən istifadə edirlər.Mənsub olduğu xalqın kasadlığına bələd olan düşmən “Sən gəlməz oldun”u balabanın ifasında erməni xalq mahnısı kimi təqdim edir.”

 

Xaliq Tağıyev deyir, bu bədnam qonşular hər  şeyi oğurlamağa çalışırlar: “Bunların xisləti budur. Mən bu məsələni də qaldırmışam, ortaya qoymuşam. Rusiyada da məhkəməni udmuşam. Mən bir sual verdim. Dedim ki, xahiş edirəm, bu mahnını ifa edən erməni neçənci ildə anadan olub, bunu mənə desin. Məlum oldu ki, bu adam 1980-ci ildə anadan olub. Atam isə bu mahnını həmin adam anadan olmamış, 70-ci illərdə yazıb”.

  

 

48 ildir qəlbdən-qəlbə dolaşan bu musiqi neçə ayrılığın, neçə həsrətin şahidi olub, bilmirik. Amma bilirik ki, gözü yolda olan hər bir insan bu mahnını fərqli vəcdlə dinləyir. “Sən gəlməz oldun” illər keçsə belə, unudulmayan, köhnəlməyən bir nəğmə olaraq Azərbaycan musiqi tarixindəki yerini hər zaman qoruyacaq”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR