Sığorta şirkətlərinin mühərrik davası: Bu avtomobilləri niyə sığortalamaq istəmirlər?

# 14:26
19 yanvar 2023

Bu gün sürücülər üçün vacib məqamlardan biri də avtomobillərinin sığorta edilməsidir. Amma təəssüf ki, bəzi sığorta şirkətləri mühərriki 2000 kub santimetdən aşağı olan avtomobilləri sığrtalamaqdan boyun qaçırırlar.

Ancaq nə qədər qəribə görünsə də, haqlarında bu qədər ittihamlar səsləndirilən bəzi sığorta şirkətləri onlara ünvanladığımız bütün suallardan yayınmağa çalışdılar. Ya da müxtəlif bəhanələr gətirərək özlərinə haqq qazandırmağa çalışdılar.

Mütəxəssislər bildirirlər ki, bu problemlərin yaranmasının başlıca səbəbi proseslərin sığorta agentləri vasitəsilə reallaşdırılması olub. Yəni bu işləri indiyə qədər sığorta şirkəti özü deyil, hansısa vasitəçilərlə görməyə çalışıb.

Hazırda isə proses onlayn sistemə keçir. Bu sistemin sürücülərin işini asanlaşdıracağı ehtimal edilir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli, 60/5 nömrəli qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də (Tələblər) dəyişikliklər təsdiq edilib. Həmin dəyişikliklərə əsasən, avtoicbari növünün aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdırlar. Ekspertlər deyir ki, belə olmadığı təqdirdə sığorta şirkətlərinə sanksiya tətbiq edilə bilər.

Mərkəzi Bankın İdarə Heyətinin məlum qərarı deyəsən işə yarayıb. Çünki vətəndaş olaraq əlaqə saxladığımız sığorta şirkətləri də bidiridlər ki, mühərrikindən asılı olmayaraq, artıq bütün növ avtomobillərin sığortasını həyata keçirirlər.

Xüsusilə xatırladaq ki, bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər tərəfindən onlayn qaydada rahat şəkildə əldə edilməsini təmin edəcək.

Qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə Mərkəzi Banka şikayətlərini bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR