Sinif otağı, yoxsa işgəncə kamerası? - Bu uşaqların günahı nədir?

# 13:04
13 sentyabr 2022

Bir neçə gün sonra yeni dərs ili başlayır. Dərs ilinin başlaması ilə bərabər bəzi problemlər də ortaya çıxır. Yəni elə məktəblər var ki, bir sinifdə 30-40 şagird təhsil alır. Bu, həm şagirdlərin öyrənmə qabiliyyətini zəiflədir, həm də  valideynləri narahat edir.

 

Məsələnin şagirdləri də yetəri qədər narahat etdiyini öz dillərindən eşitdik. 40 və daha çox şagirdi bir otağa toplayıb dərs keçmək nə qədər effektlidir? Nəzərə alsaq ki, hər uşağın qavrama qabiliyyəti fərqlidir. Burda əziyyət çəkən təkcə şagirdlər deyil, vəziyyətin çətinliyindən müəllimlər də öz nəsiblərini alırlar. 30-40 şagirdin diqqətini 45 dəqiqə dərsə fokuslamaq asan iş deyil. Çoxluğun gətirdiyi daha bir problem var. Pandemiyanın həyatımızdan çıxmadığı bir zamanda 40-dan çox 6-11 yaşlı uşağı bir otağa toplamaq xəstəliyə dəvətnamə yazmaq deyilmi?

 

Bu cür sıxlıq daha çox paytaxtda müşahidə olunduğundan Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumun sektor müdiri Fuad Babayev bildirdi ki, mövcud vəziyyət və valideynlərin müraciətləri ilə bağlı araşdırma aparılır: “BŞTİ-nə tabe olan məktəblərdəki sıxlığın aradan qaldırılması məqsədilə  dövlətimiz tərəfindən müvafiq tədbirlər görülüb. 2022-2023- cü tədris ilində BŞTİ-nə daxil olan ümumtəhsil müəssisələrində artım yaranıb. 8 yeni ümumtəhsil  məktəbimizin açılışı olub. Müəyyən ərazilərdə sıxlıqla bağlı müraciətlərə baxıb, yerində araşdırırıq. Ümumtəhsil müəssisələrində kadr çatışmazlıqlarının aradan qaldırılması istiqamətində müəyyən işlər görülüb. Heç bir müəllim çatışmazlığından söhbət gedə bilməz”

 

Təhsil eksperti Səbuhi Abdullayev isə bu problemin həllində aidiyyəti qurumların gecikdiyini düşünür: “45 dəqiqə ərzində 45 şagirdin orada təhsil alması, dərsə cavab verməsi mümkünsüzdür. Həm də sıxlığın olması pandemiya dövründə şagirdlərə pis təsirini göstərir. Yəni bu, pandemiyanın artmasına səbəb ola bilər. Və əsas da təhsilimizə böyük zərbə vurur. Hər sinifdə 20 şagirdin olması daha məqsədə uyğundur. Amma 45 nəfər bir sinifdə olanda şagird müəllimdən nə isə soruşmağa utanır, ehtiyat edir ki, daha çox auditoriya var”.

 

Təhsil ekspertinin fikrincə, siniflərdə şagird sıxlığını azaltmaq üçün yeni məktəblər tikilməli, yüksək bal toplayan müəllimlər işə cəlb olunmalıdırlar: “Mütləq optimal addımlar atmaq lazımdır. Ya bölmələr əlavə olunmalıdır ya da müəyyən modul tipli məktəblər tikilməlidir. Eyni zamanda rayon mərkəzlərində, kənd yerlərində iş yerlərinin açılması, orada olan şagird axınının Bakıya gəlməsinin qarşısını ala bilər. MİQ-də yüksək bal toplayan həmən müəllimləri işə cəlb etmək lazımdır. Bəzən deyirlər ki, şəhər mərkəzlərində müəllimlərin sayı məhdud saydadır, şagirdlərin sayına uyğun deyil. Burada növbə sisteminə keçməklə xüsusən baza rolu oynayan ibtidai təhsili mütləq mükəmməl şəklə gətirmək lazımdır”.

 

Əksər valideynlər problemin aradan qaldırılması üçün cəhd göstərirlər. Ərizə ilə övladının oxuduğu sinfin bölünməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edənlərin sayı da kifayət qədərdir. Ancaq təəssüf ki, əksər hallarda cavab belə olur:

 

Cavab alınır ki, ya əlavə müəllim yoxdur, ya da yer yoxdur.

 

- Burada bir mötərizə açaq. Əlavə müəllim yoxdur deyirlər. Bəs bu qədər MİQ imtahanları, yüksək bal toplayanlar?

 

Mən kadrların yetişdirilməsinə, onların gələcək fəaliyyətinə nəzarət edən bir mütəxəssis kimi demək istəyirəm ki, kifayət qədər savadlı, kifayət qədər yüksək bal toplayan müəllimlər var ki, onlar kənarda qalıblar. Amma onların isşə qəbulu üçün Bakıda yer ayrılmır.

 

- Bundan bir iki gün əvvəl Təsil işçilərinin sentyabr konfrasında Təhsil naziri Emin Əmrullayev açıqladı ki, müəllim çatışmazlığımız yoxdur.

 

Təbii ki, müəllim  çatışmazlığı yoxdursa bir sinifdə 45 nəfər olmasın deyə əlavə müəllim cəlb olunmalıdır.

 

Mövcud durum valideynlərlə yanaşı, psixoloqları da narahat edir. Həmsöhbət olduğumuz mütəxəssislər bildirdilər ki, sayın bu qədər çox olması sinif mühitində gərginliyin yüksəlməsinə, uşaqların dərsi lazımı səviyyədə qavraya bilməmələrinə səbəb olur. Nəticədə isə təhsilin ilk pillələrində olan azyaşlılarda özlərinə güvənməmək, kitabdan qorxmaq kimi xüsusiyyətlər formalaşır. Bu xüsusiyyətləri isə bəzən aradan qaldırmaq üçün illər lazım lazım gəlir. Bacaranlar gec də olsa, kitaba yaxınlaşa bilirlər. Bu inamsızlığın öhdəsindən gələ bilməyənlər isə az qala, ömürləri boyu kitabdan qaçırlar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR