Şirvanda iki bacını bıçaqlayan və adam qaçıran dayı ilə bacıoğlu tutuldu – FİLM KİMİ CİNAYƏT

# 13:43
15 may 2021

Şirvanda özündən 30 yaş kiçik qızı qaçıran keçmiş məhkum və bacısı oğlu saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ay əvvəl iki bacını bıçaqlayan və adam oğurluğunda ittiham olunan Şirvan şəhər sakini, 58 yaşlı Eyvaz Nəzərov Abşeron rayonu Xırdalan şəhəri ərazisində, onun bacısı oğlu eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı İmran Hüseynov isə Bakı şəhərində saxlanılıb.

Eyvaz Nəzərov cari ilin fevral ayında bacısı oğlu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluğu hadisəsini törədib.

Dəstənin üzvü, Hacıqabul rayon sakini Rahil Manafov cinayət hadisəsinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, bu il fevralın 9-da Eyvaz Nəzərov, qonşuları - 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı Cəlilabad rayonuna qaçırıb. Qaçırılan 28 yaşlı qız ondan qurtulmaq üçün ailəsi ilə görüşmək bəhanəsi ilə Eyvazın müşayiəti ilə evlərinə gəlib və bu zaman ailədə münaqişə baş verib. Hadisə zamanı Eyvaz Nəzərov Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahəni bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçaraq hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub. Münaqişə zamanı daha iki nəfər isə əlindən yüngül bıçaq xəsarətləri almışdı.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR