Şirvanda xüsusi təyinatlı şəhid Zeynal Zülfüqarlının xatirə lövhəsi açılıb

# 19:55
31 may 2021

Şirvanda Vətən Müharibəsinin xüsusi təyinatlı şəhidi Zeynal Zülfüqarlının ad günündə xatirə lövhəsinin açılış olub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, kiçik gizir Zeynal Alim oğlu Zülfüqarlı 1995-ci ilin bu günü dünyaya göz açıb. Qəhrəmanlığı dastana çevrilən Zeynal Zülfüqarlı 20 oktyabr 2020-ci ildə, 44 günlük Vətən Müharibəsində Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Şirvanlılar bu gün şəhidin doğum gününü onun ailəsi ilə birgə qeyd ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Ziyarətçilər arasında Zeynal Zülfüqarlının üzünü görmədiyi, şəhid olduğu gündən 1 həftə sonra dünyaya gələn 7 aylıq oğlu, Zeynal Zülfüqarlı da var idi.

Şəhidlər xiyabanına ziyarətdən Zeynal Zülfüqarlının yaşadığı küçədə onun xatirə lövhəsinin açılış mərasimi də keçirilib.

Mərasimdə bildirilib ki, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərə qatılan Zeynal həm də Milli Qəhrəman, polkovnik Murad Mirəzyevin dəstəsində qulluq edib.

Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyir ki, oğlu gizir Zeynalın komandiri olub: “Zeynal hər vaxt, yəni aprel döyüşlərindən sonra deyirdi mən komandirimin qanın alacam. O cümlədən Muradın bütün şəxsi heyəti. Bunlar hər dəfə məni görəndə deyirdilər, əmi, darıxma qələbə yaxındadır. Muradın da qanın alacağıq, bütün torpaqlarımızı da azad edəcəyik. O gün çatdı və 44 günlük müharibədə ordumuz öz sözün dedi. Ordumuz öz gücün tək düşmənə yox bütün dünyaya göstərdi. Azərbaycanın vahid komandanlıq altında olan güclü ordusu var. O ordu ki onun özülünü ulu öndərimiz Heydər Əliyev qoymuşdu. Ali baş komandan İlham Əliyev də Ulu öndərin ata vəsiyyətini yerinə yetirdi...”

Zeynal Zülfüqarlının Alim Zülfüqarov deyir ki, oğlu müharibə ilə bağlı danışmağı sevməzdi: “Müharibə başlayandan sonra əlaqə saxladıq dedi ki, Kəlbəcərdə yüksəkliyi aldıq. Alıb oturdular orda. Sonra Füzuli, Cəbrayıl bölgəsində vuruşdu. Döyüş yoldaşlarının göstərdiyi videolarda Hadrutu almaqlarından danışırdılar. Onlar oranı alandan sonra orda yüngül silahlara 50-60 dığanın qaldığını bildirirdilər. Şəhid olandan sonra bildik ki, onlar böyük şərəfli yol keçiblər. Bizim üçün qısa olsa da onlar üçün 44 gün 44 ilə bərabər olub bəlkə də...”

Anası Şəlalə Nadirova isə oğlu ilə bağlı xatirələrini bölüşür: “Zeynal öz xüsusi təyinatlı olması ilə çox fəxr edirdi. Xoşu gəlirdi ki, deyim oğlum xüsusi təyinatlıdır. Çox xoşuna gəlirdi, şərəf duyurdu xüsusi təyinatlı olması ilə. Həmişə deyirdi ki, oğlumu sən böyüdərsən, sən tərbiyə edərsən. Deyirdim niyə? Deyirdi sən bizi axı çox vətənpərvər, torpağa, elinə bağlı  böyütmüsən. Şəhid olduğu gündən 1 həftə sonra oğulu doğuldu. Biz uşağa başqa adlar fikirləşirdik, Qəhrəman, Zəfər, amma bizə zəng etdilər dedilər sizi təbrik edirik bəs şəhidin Zeynal adlı oğlu doğulub. Eləcə onun adını demək olar xalq qoydu”.

Şəhidin bacısı Xəyalə Zülfüqarlı isə qardaşı ilə birgə keçirdiyi günləri xatırlayır: “Aramızda 1 yaş fərqimiz var. Uşaq vaxtı çox dalaşardıq. Elə bilirdim onu məndən çox istəyirlər. Xüsusi təyinatlı kursuna gedəndən sonra o qədər ayrı qaldıq ki, qardaşımın dəyərini, qiymətini başa düşdüm. Çox vətənpərvər idi. Təlim və kurslardan gələndə deyirdi ki, çalışıram ən böyük nəticələr əldə edim. Bütün tapşırıqları layiqincə yerinə yetirib. Sonra A dəstəsində quluq etdi. Hər yerdə fəxrlə deyirdi ki, müharibə başlasa birinci bizi aparacaqlar. Sizi əmin edirəm ki, torpağı alacağıqsa birinci biz alacağıq”.

Qeyd edək ki, Zeynal Zülfüqarlı ölümündən sonra “Şuşanın azad olunmasına görə",  “Kəlbəcərin azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR