Son 19 ildə 23 mindən çox cinayətkar dəstə zərərsizləşdirilib

# 17:29
2 iyul 2022

Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nazirliyin rəhbər heyəti Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

 

Daha sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

 

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilən 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasimdə çıxış edən general-polkovnik Vilayət Eyvazov bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.

 

Həmçinin bildirib ki, son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 17 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.

 

Polis və Daxili Qoşunların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini davam etdirdiyini xüsusi qeyd edən nazir ölkə başçısının bu peşə bayramı ərəfəsində 26 əməkdaşı dövlət mükafatları ilə təltif etdiyini, 4 rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini xatırladaraq bunun cənab Prezidentin şəxsi heyətə göstərdiyi diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu vurğulayıb.

 

Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını da təqdim edib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR