Tamada həm alim, həm də başçı olanda... – BİZİM ŞƏRH

# 11:46
1 may 2021

Azərbaycanda daha bir icra başçısı həbs olunub. Bu dəfə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qanunsuz əməllərinə görə qandallanıb. Bu hadisədən dərhal sonra dövlət başçısı Alimpaşa Məmmədovu tutduğu vəzifədən azad edib.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilib, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Təsəvvür edirsiniz – iki epizod üzrə təxminən 4 milyon manatlıq dövlət əmlakının mənimsənilməsindən söhbət gedir. Və bunun üçün 220 manat ödənilib. O da yəqin notarius rüsumu olub. İstəsəydi, onu da ödəməyə bilərdi.

 

Əslində bu yazının ilk cümləsindən sonra izahat verməmək də olardı. Yəni “Azərbaycanda daha bir icra başçısı həbs olunub” yazdıqdan sonra icra başçısının adını açıqlamağa ehtiyac yox idi bəlkə də. Çünki Alimpaşa Məmmədov həbs olunan ilk icra başçısı deyil, səkkizinci ya da doqquzuncudur sayca. Bu səbəbdən icra başçılarının həbsi ilə bağlı xəbərlərə çoxdan öyrəncəli olmuşuq. Digər tərəfdən, bizim məmləkətdə icra başçılarının fəaliyyətinin aşağı-yuxarı bir-birindən fərqlənmədiyini az qala uşaq da bilir.

 

Maraqlıdır ki, icra başçıları həbs olunduqdan sonra həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərlərinə “gözün üstə qaşın var” deyən olmur. Sanki bu qədər qanunsuzluqlar onların gözünün qarşısında baş verməyib.

 

Bu sətirləri qələmə almamışdan öncə Vətən Müharibəsinin 19 yaşlı şəhidi haqqında reportajı redaktə edirdim. Şəhidimiz orta məktəbin cəmi 7-ci sinfinə qədər təhsil ala bilib. Atası ürək çatışmazlığından əziyyət çəkdiyi üçün 4 nəfərlik ailənin yükü onun çiyinlərinə düşüb. 18 yaşına qədər istixanalarda işləyib, qazandığı pulları atasının müalicəsinə və ailənin qida xərclərinə sərf edib. Sonuncu zəngində atasından halallıq istəyib. Atasının cavabı isə belə olub: “Onsuz da mən sənə heç nə etməmişəm halalıq verim. Nə etmisənsə, sən mənim üçün etmisən”.

 

Bunu oxuyarkən gəncliyində tamada olmuş Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun 4 milyonluq dövlət əmlakını və ya ümumxalq mülkiyyətini cəmi 220 manata oğlunun adına keçirməsi yada düşür. O da atadır, bu da. Biri oğlunun ümidinə qalıb, o biri atasının. Birincinin adı kasıbçılıqdır, ikincisinin adı kütləvi talançılıq. Və nə yazıq ki, bizim məmləkətdə illərdir kütləvi talanla məşğul olanların sayı bir deyil, beş deyil - çoxdur, lap çox. Və bu çoxluqda icra başçılarının özünəməxsus yeri var.

 

Sirr deyil ki, o qədər parlaq karyera yüksəlişi olmayan bu adamların əhali ilə davranışları, qeyri-təvazökarlıqları sayəsində, ümumiyyətlə, icra başçısı institutu özü gözdən düşüb. Əksər hallarda rayonlarda “ağalıq” sistemi quran, vətəndaşdan qaçan, əmlakları qanunsuz yolla ələ keçirən icra başçıları bütünlüklə strukturun qara piarına səbəb olublar. Hamımız bilirik, hələ bir xeyli alimpaşa növbəsini gözləyir.

 

Azərbaycanda icra hakimiyyəti institutunun bütövlükdə imicinin düzəldilməsinə ehtiyac var. Vətəndaş bu struktura inanmalıdır. Bəlkə də zaman-zaman gəncləşdirmə siyasəti ilə buna nail olmaq mümkün olacaq. Ümid edək...

 

Ümid edək ki, məmur obrazı Alimpaşa simasından çıxacaq, Vilyam Hacıyev obrazından qurtulacaq. Yeni, müasir, dövlətə və xalqa xidmət edən, icra strukturuna iş yeri kimi baxa bilən məmurlar görmək ümidi ilə...

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR