Tələbələrin təqaüdü niyə kəsilib?

# 15:58
6 mart 2023

Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləğləri artırılıb. Amma tələbələrin çoxu buna sevinə bilməyiblər. Çünki bu qərardan sonra universitetlər təqaüd siyahılarına əl gəzdiriblər. Təqaüd alan tələbələrin sayı kəskin şəkildə azaldılıb.

Bəs tələbələrin dedikləri nə qədər həqiqətə uyğundur? Birinci kursda təqaüd alan tələbə həmin təqaüdü ikinci kursda niyə ala bilmir? Müzakirələrə səbəb olan bu suallara təhsil eksperti Kamran Əsədov belə aydınlıq gətirdi:

“Azalan təqaüdlər  həqiqi təqaüd yerləri deyil, əlavə təqaüd yerləridir . Bunun əsl sahibləri birinci kursdan qəbul olduqca yuxarıdakı əlavə təqaüd yerləri azalır . Ona görə bu gün bizim bəzi tələbələrimiz hesab edirlər ki bizim orta müvəffəqiyyət göstəricimiz yüksəkdir, əlaçıyıq, biz təqaüdə düşmürük, amma bundan əvvəl düşürdük .Ona görə düşmürlər ki,  birinci, ikinci kursda həqiqi təqaüdlərin sahibləri gəlib həmin təqaüdləri alırlar“.

Ekspert deyir ki, artıq təqaüdlərin verilməsi yeni qaydalarla həyata keçirilir. Əvvəllər təqaüd yalnız ödənişsiz əsaslarla ali məktəbə daxil olan tələbələrə verilirdisə, indi müvəffəqiyyət göstəricisi yaxşı olan tələbələrə verilir.

Elm və təhsil naziri Emil Əmrullayev də  keçirdiyi brifinqdə bu məsələyə toxunub. Nazir bildirib ki, əlavə təqaüdlərin sayının  azalması dövlət sifarişlərinin çoxalması ilə əlaqədardır:

“Azərbaycanda hər iki tələbədən biri təqaüd alır. Bu sadəcə ayrı- ayrı illər və ayrı- ayrı dövrlər üzrə fərqlənə bilir. Yəni Azərbaycanda yüz tələbədən 50-si təqaüd alır. Sadəcə nə baş verib onu izah edim .Əvvəlki illərlə müqayisədə dövlət sifarişlərinin sayı artıb . Əvvəllər 100 tələbəmizdən 35-i dövlət sifarişi ilə oxuyurdusa biz o 15 yeri təqaüd verirdik ki, 50 nəfər təqaüd alsın . İndi dövlət sifarişlərinin sayı artdıqca əlavə təqaüdlərin sayı azalır amma təqaüd alanların sayı azalmır . Yəni təqaüd alanların sayı yenə də  50 faizdir“.

Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrinin əyani bölməsində təqaüd alanların sayı 53408, peşə təhsili müəssisələrində təqaüd alanların sayı isə 16532 nəfərdir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR