Üfunət qoxuyan şəhərin sakinləri fəryad edir

# 14:53
8 fevral 2022

“Bərdənin zibil poliqonunda tullantıların saxlanılması üçün xüsusi quyuların olmaması bax bu mənzərəni ortaya çıxardır. Gördüyünüz kimi ətrafdakı evlər, həyətlər tamamilə tullantılara qərq olub.”    

- Bax yaşayışımız bu vəziyyətdədir. Yayımız da belədir, qışımız da -- Elə bir yer yoxdur ki, deməyək. Burada külək olanda burda durmaq olmur. And olsun Allaha on dəfə, 20 dəfə “pajarnı” çağırmışam. “Pajarnı” gəlib sondürüb. Qapı-baca, çəpər hamısı yanır.

- Bütün günü bu üfunət, bu iy, bu tüstü bizi öldürür. İydən üfunətdən nə qapını aça bilmirəm, nə aynanı aça bilmirəm. Açan kimi iy dolur içəri. Bax bu hal bizi çox acınacaqlı vəziyyətə qoyubdur.

Sakinlər deyir ki, Bərdə şəhəri və ətraf yaşayış məntəqələrindən bu poliqonuna daşınan bütün tullantılar hara gəldi boşaldılır. Poliqonda üst-üstdə yığılıb sakinlərin göz dağına dönən tullantı qalıqları isə heç kimi maraqlandırmır. Poliqonun nəzarətçisi Vahid Cəfərov deyir ki, tez-tez yanğınların baş verməsinin səbəbi vətəndaşların atdıqları zibili yandırmalarıdır: ”O niyə yanır? - Ona görə yanır ki, xüsusi maşınlar zibili gətirib töküb bura, yandırıb çıxıb gedir. İçində zir-zibil olur, nə bilim lazımsız şeylər olur, yandırır. Külək də gələndə gətirib zibilxananı yandırır. Yüz dəfə də “pajarnı” gəlir, hər gün gəlir elə olur ki, söndürür gedir yenə altda yanır. Sönmür, bura sönmür heç vaxtı sönmüyüb.”


Küçələrdə bircə dənə də olsun zibil qutusu görməsək də yaşayış massivləri boyunca düzülən zibilxanalara tez-tez rast gəlirik. Sakinlər həlli müşkül problemlərindən ötrü dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də vəziyyət dəyişmir:

 

- Bərdədə ümumiyyətlə zibillərin daşınması məsələsi belədir ki, hər axşam və hər sabah zibil maşınları gəlib onları daşıyır. Amma məsələ budur ki, maşınlar gəlib o zibilləri yığana qədər küçə çox bərbad vəziyyətdə olur. Külək oldu zibillər havada uçuşur. Üfunət iyi gəlir. Yaxşı olardı ki, zibil qutuları olsun və insanlar o zibilləri işıqforların altına yox, yollara yox, küçələrə yox zibil qutularına atsın.

- Şəhərdə əlində bir qab olsa belə sən onu ata bilmək üçün kilometrlərlə yol gedəsən ki, gərək haradasa bir zibil qabı tapasan. Və yaxud da istəməyə-istəməyə onu yol kənarına qoymağa məcbur olursan.

Bərdə mənzil təmir istismar sahəsindən  APA TV-nin sorğusuna cavab olaraq şifahi şəkildə bildiriblər ki, məsələ haqqında xəbərdardılar. Problemin aradan qaldırılması istiqamətində görülən tədbirlərə əsasən ilk olaraq Bərdə şəhərinin 60-65 faizini əhatə edəcək sayda zibil qutuları sifariş verilib. Yaxın gələcəkdə bu qutular şəhərin ən iri yaşayış massivlərində yerləşdiriləcək. Növbəti mərhələdə isə daha az tələbat olan küçələr müvafiq qutularla təmin ediləcək.

Elgün Gəncimsoy, Ziya İsmayılov – APA tv
Bərdə    

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR