Uşaqlar arasında yayılan nədir, koronavirus, yoxsa mövsümi qrip?

# 17:49
24 avqust 2021

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb.  

APA TV xəbər verir ki, bir çox valideynlər həkim müdaxiləsi olmadan infeksion xəstəliyə qalib gəlməyin mümkün olmadığını qeyd edirlər. Mövcud əlamətlərlə xəstəxanalara da müraciət edənlərin sayında artım müşahidə olunur.

Uşaqlar arasında yayılan xəstəliyin mövsümlə əlaqəli infeksiya, yoxsa koronavirus olması valideynlər arasında müəyyən təşvişə səbəb olub. Bunu nəzərə alaraq həkim pediatr Aytən İsmayılzadə ilə əlaqə saxladıq.

Həkim deyir ki, sadalanan əlamətlər varsa, mütləq koronavirus çıxacaq deyə bir şey yoxdur. Valideynlər belə halla rastlaşırlarsa, birinci növbədə həkimə müraciət etsinlər: “Hazırda virus infeksiyalarının arasında koronavirus olsa belə uşaqlar arasında xüsusi ağırlaşma halları müşahidə edilmir. Uşaqlar bu virusla hələ ki, mübarizə apara bilirlər. Uşağın hərarəti birdən-birə yüksəlirsə, öskürək, ishal olmursa o zaman bu da virusun əlamətidir. Bu zaman tövsiyə olunur ki, analar antibiotikə müraciət etməsinlər. Çünki bunun fonunda immunitet zəifləyir. İndidən uşaqların immuniteti zəifləsə payızda daha tez viruslara yoluxacaq”.

Həkim deyir ki, uşaqlarda hərarəti aşağı salmaq üçün kimyəvi dərmanlardan istifadə etmək əvəzinə, valideynlər daha çox təbii vasitələrdən yararlana bilərlər. Belə vasitələrdən ən effektlisi ilıq su ilə mütləq uşağın boyun ətrafı nahiyələrini, alını, qol və ayaqlarda olan bükükləri yumaq və ya islaq dəsmalla silməkdir. Bu zaman suya sirkə və spirt damcısı əlavə etmək də hərarətin tez düşməsinə yardım edə bilir. Eyni zamanda tez-tez  maye qəbulu da müsbət sayılır: “İshal və qusma zamanı uşaqlarda iştahasızlıq yarana bilir. Bu zaman valideynlər uşaqları məcburi yedirtməməlidirlər. Əks halda bu xəstəliyin daha da ağırlaşmasına gətirib çıxara bilər. Çünki ishal zamanı mədə-bağırsaqlarda olan infeksiya aktivləşir və biz həmin mədəni yeməklə yüklədikdə həmin virusların təmizlənməsinin qarşısını almış oluruq”.

Həkim Aytən İsmayılzadə hesab edir ki, uşaqların yuxu rejiminə diqqət yetirilməsi, gigiyena qaydalarına düzgün əməl edilməsi yayılan viruslardan onları minimum qoruya bilər.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev isə deyir ki, son günlər uşaqlar arasında yayılan viruslar daha çox mövsümü xarakter daşıyır: “Son günlər uşaqlar arasında koronavirus ötən dalğaya nisbətən çox yayılmayıb. Elmi-Tədqiqat Pediatriya İnstitutuna mövsümü xəstəliklərlə bağlı müraciət edən uşaqların sayı çoxdur. Yüksək hərarət, qusma yay aylarında daha çox müşahidə olunan rotavirus və adenavirus kimi infeksiyalarla da bağlı ola bilər. Belə xəstəliklərlə qarşılaşan valideynlər ilk növbədə aidiyyəti üzrə həkimə müraciət edib test verməlidir”.

Allahverdi Musayev onu da bildirdi ki, COVID-19-a yoluxan uşaqlar arasında ağırlaşma və ya ölüm halları faiz olaraq çox aşağıdır.

İlahə Vəliyeva

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR