Vətən müharibəsinin 200 qazisi müasir protezlərlə təmin edilib - Sahil Babayev

# 16:56
8 iyul 2022

 

Vətən müharibəsinin 200 qazisi müasir protezlərlə təmin edilib – Sahil Babayev “Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 2500 müharibə iştirakçısı reabilitasiya xidmətləri ilə təmin olunub”. APA TV xəbər verir ki, bunu “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, 1400-dən çox müharibə əlili 19,3 min reabilitasiya vasitəsilə, 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlilliyi olan şəxs isə son nəsil müasir protezlərlə təmin edilib. Ölkəmizin 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu vurğulayan Sahil Babayev nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin son illərdə müasir tələblərə uyğun qurulduğunu və reabilitasiya mərkəzlərinin potensialının 3 dəfə artırıldığını nəzərə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko isə qeyd edib ki, bu gün Azərbaycan əlillik sahəsində bir çox Avropa ölkələrinin qarşılaşdığı çətinliklərlə üzləşir. Təbii ki, Azərbaycanda sosial siyasətin tətbiqi bu çətinliklərin aradan qaldırılmasına xidmət edir. Səfirin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə minalardan təmizləmə işləri davam etdirilir və bundan sonra da davam etdiriləcək. Qeyd edək ki, bu gün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılması məqsədi daşıyan “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihənin təqdimat mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR