Vətən Müharibəsinin 33-cü günü: 29 oktyabrda nələr baş verdi?

# 07:00
29 oktyabr 2021

29 oktyabr 2020-ci il. Bu günlərdə Ordumuz düşmənin əsas yerləşmə məntəqələrini tamamilə darmadağın edilir, döyüşün mütləq üstünlüyünü ələ ala bilirdi. Gecə ərzində döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam etdi.

 

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edildi.

 

Düşmən birmənalı olaraq terror cəhdlərindən əl çəkmirdi. Xüsusən cəbhə bölgəsinə yaxın rayon və kəndlərimiz durmadan raket atəşinə məruz qalırdı. Ermənistan silahlı qüvvələri saat 09:25-da Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutdu.

 

Müdafiə Nazirliyi isə Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsünü yayımladı.

 

Saat 12:30-da isə Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu.

 

Günorta saatlarında isə Azərbaycan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridoru açaraq 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verdi.

 

Saat 13:18 və 13:20-də cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildi.

 

Saat 15:00-da Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qaldı. Saat 17:00-da isə Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutuldu. Rayonun Tap Qaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1 nəfər həlak oldu. Bir fərdi yaşayış evi dağıldı.

 

Saat 18:00-da humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini yenidən artilleriya atəşinə tutdu.

 

Amma bunlar bizi dayandıra bilmədi. 29 oktyabrda Azərbaycan Prezidenti “işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman verdi. Fərmana əsasən bu ərazilərdə yerləşən hər bir bölgə üçün müvəqqəti komendant təyin edildi.

 

Hər keçən gün işğalda olan torpaqlarımız azad olunur, öz sahibinə qovuşurdu. Düşmən isə döyüş meydanından qaçmağa davam edirdi. Daha 11 gün Ordumuz düşməni dəmir yumruqla əzəcəkdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR