Xızıda Vətən müharibəsi şəhidi Kərim Əliyevin xatirəsi əbədiləşdirilib

# 12:36
30 aprel 2021

Xızı rayonunda Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

 

APA TV-nin məlumatına görə, rayonun Fındığan kəndində şəhid Əliyev Kərim Qeyrətxan oğlunun adına inşa edilən bulağın açılışı olub. Mərasimdə şəhidin doğmaları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə şəhid Kərim Əliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılıb, ruhuna dualar oxunub: “Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məqamları uca olsun. Döyüş yoldaşlarına, döyüşən oğlanlara Allahdan can sağlığı arzulayıram. Sağ olsunlar ki, balamın qisasını, balalarımızın qisasını aldılar, yerdə qoymadılar. Qazilərimizə uzun ömür, cansağlığı, Allahdan şəfa diləyirəm. Vətən sağ olsun deyirəm”.

 

Ailənin sonuncu övladı, dörd bacının bir qardaşı olan Kərimlə indi bütün əzizləri qürur duyur: “Bizim qürur yerimizdir. Onlarla fəxr edirik. İnşallah bütün bu şəhidlərimizin abidələri necə ki, öz doğulduqları kəndlərdə əbədiləşdirmişiksə, aldıqları torpaqlarda da onu edərik. Və şəhidlər heç bir zaman ölmürlər. Onlar yalnız unudulduqları vaxt ölürlər”.

 

Qeyd edək ki, Əliyev Kərim Qeyrətxan oğlu 2000-ci ildə Xızı rayonunun Fındığan kəndində anadan olub. O, hərbi xidmətini başa vursa da, atası, Birinci Qarabağ savaşının iştirakçısı Qeyrətxan Əliyevin müharibə ilə bağlı danışdıqları onu daim narahat edirdi.

 

Sentyabrın 27-də Vətən Müharibəsi başlayan kimi Kərim də təcrübəli snayperçi kimi döyüşlərdə iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Tərtər, Füzuli istiqamətlərində gedən döyüşlərə qatılıb. Talışkəndin, Hadrutun azad edilməsində rəşadətlə vuruşub. Ötən ilin noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.

 

Kərim Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR