Zakir Həsənov: “Novruz bayramı günlərində sayıq olmalıyıq”

# 12:25
11 mart 2023

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.MN-dən verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər.Müşavirədə Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib. Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaların və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib.Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir.Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti və zəruri addımlar atacaq.

Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraiti, həmçinin tibbi təminatı ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.Azərbaycan Ordusunda mənəvi-psixoloji vəziyyətin, eləcə də döyüş ruhunun daim yüksək səviyyədə saxlanılmasına dair göstərişlər verən nazir şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb.Sonda azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin intensivliyinin artırılması barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR